Mart ayı dünyada "Kolon xərçəngi ilə mübarizə və maarifləndirmə ayı” kimi qeyd olunur. Həm dünyada, həm də Azərbaycanda xüsusilə gənclər arasında getdikcə daha çox yayılan kolon xərçəngi (yoğun bağırsaq) çox vaxt gizli inkişaf edir və ölümcül nəticələrə səbəb ola bilir. Lakin Cənubi Koreyalı alimlərin apardığı yeni tədqiqat bu xəstəliyin müalicəsində mühüm dönüş yarada biləcək kəşfi ortaya qoyub.
Qaynarinfo xəbər beror ki, araşdırmaya görə, hüceyrələrin daxilindəki tək bir zülalın bloklanması xərçəngin inkişafını dayandıra və xəstələrin həyat müddətini uzada bilər.
Kəşf edilən zülal: NSMF
Ulsan Milli Elm və Texnologiya İnstitutunun (UNIST) tədqiqatçıları NSMF adlı genin və onun yaratdığı zülalın xərçəng hüceyrələrinin sürətlə bölünməsinə və sağ qalmasına kömək etdiyini müəyyən ediblər.
Bu gen deaktiv edildikdə xərçəng hüceyrələri artıq bölünə bilmir və "geri dönməz hüceyrə qocalması” prosesinə daxil olur.
Ənənəvi kimyaterapiyadan fərqli olaraq, bu üsulun sağlam bağırsaq hüceyrələrinə zərər vermədiyi müşahidə edilib. Bu isə yan təsirlərin xeyli az ola biləcəyini göstərir.
Təcrübə nəticələri: Həyat müddəti 33,5 faiz artdı
Laboratoriya şəraitində və siçanlar üzərində aparılan təcrübələr diqqətçəkən nəticələr göstərib.
* Şişə nəzarət: "NSMF” geni çıxarılan siçanlarda bağırsaq şişlərinin yaranması əhəmiyyətli dərəcədə azalıb.
* Həyat müddəti: geni deaktiv edilən siçanlar həmin genin aktiv olduğu siçanlarla müqayisədə orta hesabla 33,5 faiz daha uzun yaşayıb.
* Hüceyrə təsiri: zülal bloklandıqda şişlərin böyüməsi ya xeyli yavaşlayıb, ya da tamamilə dayanıb. Bununla belə, xərçəngin tamamilə yox olmadığı da qeyd olunub.
DNT zədələnməsi artır və şişin böyüməsi ləngiyir
Tibbi onkologiya üzrə mütəxəssis dosent Ayşə İrəm Yasin bildirib ki, NSMF zülalı xərçəng hüceyrələrinin çoxalma zamanı qarşılaşdığı DNT stresini idarə etməyə kömək edir. Onun sözlərinə görə, xərçəng hüceyrələri çox sürətlə bölündüyü üçün DNT-nin kopyalanması zamanı səhvlər və gərginlik yaranır. Bu proses "replikasiya stresi” adlanır.
Normal halda bu stres hüceyrənin fəaliyyətini dayandıra və ya onun məhvinə səbəb ola bilər. Lakin NSMF zülalı xərçəng hüceyrələrini bu stresdən qoruyaraq onların yaşamasına və şişin böyüməsinə imkan verir.
Tədqiqat modellərində bu zülalın fəaliyyəti zəiflədildikdə xərçəng hüceyrələrində DNT zədələnməsi artıb və şişlərin böyüməsi xeyli yavaşıyıb. Maraqlıdır ki, normal hüceyrələrdə ciddi zərər müşahidə olunmayıb.
Bu kəşf nə deməkdir?
Araşdırmanın rəhbərlərindən doktor Kyon Cin Şin NSMF geninin xərçəng hüceyrələrində daimi qocalma yaradaraq şişin böyüməsini dayandıra biləcək ümidverici hədəf olduğunu bildirib.
Professor Yonq Çan Çae isə bu zülala qarşı inhibitorların hazırlanmasının xərçəng hüceyrələrinin təbii şəkildə qocalıb məhv olmasına imkan verən tamamilə yeni müalicə strategiyası yarada biləcəyini qeyd edib.
Mütəxəssislərin sözlərinə görə, bu tədqiqat hələ ilkin mərhələdədir və klinik tətbiqə keçməsi üçün əlavə araşdırmalar və insan üzərində sınaqlar tələb olunur.
Gənclər arasında artım müşahidə olunur
Mütəxəssislər bildirir ki, dünya üzrə 50 yaşdan aşağı şəxslər arasında kolon xərçəngi halları artmaqdadır. Buna görə də Avropa və ABŞ-də skrininq proqramları artıq 45 yaşdan başlayaraq tətbiq edilir.
Alimlər yeni kəşfin ümidverici olduğunu bildirsələr də, hazırda kolon xərçəngi ilə mübarizədə ən təsirli üsullar bunlardır:
* skrininq proqramlarında iştirak etmək
* 50 yaşdan sonra müntəzəm müayinədən keçmək
* sağlam çəki saxlamaq və fiziki aktiv olmaq
* liflə zəngin qidalanmaq
* siqaret və həddindən artıq emal olunmuş qidalardan uzaq durmaq
Aydın
Şərhlər