Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-a vətəndaş tərəfindən şikayət daxil olub.
Bildirilib ki, əsas problem Bakıxanov küçəsi, 2 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən restoranın havalandırma sistemi ilə bağlıdır.
Sakin iddia edir ki, restoranın havalandırma qurğuları binanın üst mərtəbəsindəki mənzilin pəncərəsinin alt hissəsində quraşdırılıb. Qurğular işlədiyi zaman yaranan güclü səs-küy mənzildə yaşayanların dincliyinə ciddi mane olur.
Şikayətçinin sözlərinə görə, xüsusilə gecə saatlarında vəziyyət daha da narahatedici olur. Belə ki, restoranın fəaliyyətindən əlavə, gecə saatlarında məkana gələn turistlərin yüksək səslə danışması və digər səs-küy də onların rahatlığını pozur.
Sakinlər bildirirlər ki, gecə saatlarında yaranan səs-küy səbəbindən mənzillərində normal istirahət etmək və yatmaq çətinləşib.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu verilib. Restoranın mövcud nömrələri ilə əlaqə saxlamaq mümkün olmayıb.
Şərhlər