Emosional yetişməzlik yalnız davranışlarda deyil, insanın mübahisə və fikir ayrılığı zamanı işlətdiyi ifadələrdə də özünü göstərə bilər. Mütəxəssislərin fikrincə, xüsusilə məsuliyyətdən yayınmaq, başqalarını günahlandırmaq və qarşı tərəfin hisslərini nəzərə almamaq bu xüsusiyyətin əlamətlərindən ola bilər.
Qayanrinfo xəbər verir ki, bu barədə "YourTango" yazıb.
Məqalədə emosional cəhətdən yetişməmiş insanların tez-tez istifadə etdiyi 7 ifadə qeyd olunur:
1. “Bütün bunlarda sənin günahın var”.
Belə insanlar münaqişədə öz paylarını görmək əvəzinə bütün məsuliyyəti qarşı tərəfin üzərinə ata bilərlər. Nəticədə qəzəb və incikliklərini başqasına yönəldirlər.
2. “Bu, ədalətsizlikdir!"
Həyatda uğursuzluqlar və məyusluqlar qaçılmazdır. Emosional cəhətdən yetkin insan çətin vəziyyəti qəbul edib hisslərini idarə etməyə çalışır. Yetkin olmayan şəxs isə problemlərinə görə davamlı olaraq ətrafındakıları günahlandıra bilər.
3. “Əvvəl sən üzr istə, sonra mən istəyərəm”.
Yetkin insan öz səhvini qarşı tərəfin üzr istəyib-istəməməsindən asılı olmayaraq qəbul edə bilir. Emosional yetişməmiş insan isə üzr istəməyi qarşılıqlı “mübadiləyə” çevirərək ilk addımı atmaqdan imtina edir.
4. “Hamı belə edir”.
Bu ifadə insanın öz davranışını başqalarının hərəkətləri ilə əsaslandırmasına işarə edə bilər. Belə insanlar qrupun fikrindən həddindən artıq asılı ola və mənfi nəticələri başa düşsələr belə, ətrafdakılara uyğunlaşa bilərlər.
5. “Sənin nə düşündüyün mənə maraqlı deyil”.
Bu ifadə hər zaman emosional yetişməmişlik demək deyil. Özünə güvənən insan başqalarının fikirlərindən asılı olmaya bilər. Lakin bu sözlər kiminsə hisslərini və ya davranışlarının başqalarına təsirini nəzərə almamaq üçün istifadə edilirsə, problem yarana bilər.
6. “Məni sevsəydin, bunu edərdin...”
Bu ifadə qarşı tərəfə emosional təzyiq göstərmək üsuluna çevrilə bilər. İnsan istədiyini əldə etmək üçün sevgidən və günahkarlıq hissindən istifadə etməyə çalışır.
7. “Mən beləyəm, dəyişməyəcəyəm”.
Özünü olduğu kimi qəbul etmək normaldır. Ancaq insan davranışları ilə başqalarına davamlı narahatlıq yaradır və dəyişməkdən imtina edirsə, bu ifadə məsuliyyətdən yayınma vasitəsinə çevrilə bilər.
Məqalədə vurğulanır ki, insanın emosional yetkinliyini yalnız bir ifadəyə əsasən müəyyən etmək olmaz. Daha vacib olan davranışın davamlı xarakter daşımasıdır. Səhvləri qəbul etmək, məsuliyyət götürmək, başqalarının hisslərini nəzərə almaq və dəyişməyə hazır olmaq emosional yetkinliyin əsas göstəriciləri hesab olunur.
Aydın
Şərhlər