Ukraynada müharibənin ABŞ-ın iştirakı ilə başa çatdırılması üçün imkan pəncərəsi 2027-ci ilin yayının sonunadək mövcuddur.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə bildirib.
Zelenski qeyd edib ki, bundan sonra ABŞ-da prezident seçkiləri başlayacaq və hazırda diplomatiyanın müharibənin başa çatmasına gətirib çıxara biləcəyi ən fəal mərhələ 2026-cı ilin sonundan 2027-ci ilin yayının sonunadək olan dövrdür.
“Biz hesab edirik ki, hazırda diplomatiyanın müharibənin başa çatmasına gətirib çıxara biləcəyi ən fəal mərhələ budur. Bu, bu ilin sonundan 2027-ci ilin yayının sonunadək olan müddətdir. ABŞ-dakı seçkilərə qədər buna çatdıra bilmədilər – bunu anlayırıq. Putin daim güc nümayiş etdirmək istəyir, heç bir dialoqa getmək istəmir və maksimum eskalasiyaya can atır”, dəyə Zelenski qeyd edib.
O bildirib ki, ABŞ-ın danışıqlar aparan nümayəndələri Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxmasını şərt kimi irəli sürmədən Rusiyanın da qəbul edəcəyi danışıqlar formatı tapmağa çalışırlar. Lakin Rusiya tərəfi Ukraynadan bu əraziləri tərk etməsini tələb etməkdə davam edir və ordusunun gec-tez həmin əraziləri ələ keçirəcəyini bildirir.
“Rusların neçə itki verəcəklərinin və bunun nə qədər vaxt aparacağının onlar üçün heç bir əhəmiyyəti yoxdur. Onlar bu məqsədə çatmaq istəyirlər. Mənim burada sualım var: onların daha irəli getməyəcəyinə kim zəmanət verə bilər? Sizə deyirəm ki, hələlik nə Amerika, nə Avropa, nə də başqa kimsə bizə belə zəmanət verə bilər. Amma rusların daha irəli getmək istədiyi məlumdur”, deyə Ukrayna Prezidenti vurğulayıb.
Zelenski qeyd edib ki, ABŞ yalnız Rusiya müharibəni başa çatdırmağa razı olduqdan sonra Ukraynaya təhlükəsizlik zəmanətləri verə bilər. Rusiyanın nə vaxt müharibəni bitirməyə razı olacağı ilə bağlı isə ABŞ tərəfi Ukraynanın Donbasdan çıxmasından sonra bunun mümkün olacağını bildirir.
“Bu səbəbdən bu mövzuda bir neçə müzakirə və çoxlu qeyri-müəyyənlik var – bundan sonra nə olacaq? Ukrayna ilə bağlı bu və ya digər ləyaqətsiz qərar qəbul edilərsə, bundan sonra ruslar nə edəcək?” deyə Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, Kiyev ABŞ tərəfi ilə müharibənin real şəkildə başa çatdırılması imkanlarını müzakirə edib. Növbəti mərhələdə Vaşinqton məsələni Moskva ilə müzakirə etməlidir.
Danışıqlar masasında hansı təkliflər var?
Zelenski atəşkəsin əldə olunmasını əsas ideyalardan biri kimi göstərib. Onun sözlərinə görə, ABŞ tərəfinin digər təkliflərindən biri azad iqtisadi zona yaradılmasıdır.
“Ruslarla eyni vaxtda geri addımlar atırıq və bu, azad iqtisadi zona adlandırılan bir bufer yaradır. Bunun hansı idarəetmə altında olacağı hələ məlum deyil, amma burada üçüncü tərəf nəzərdə tutulur”, deyə Zelenski qeyd edib.
O əlavə edib ki, digər məsələlər sırasında Avropa İttifaqı və NATO-nun nə edəcəyi və Ukraynanın bunun müqabilində nəyə hazır olduğu da müzakirə olunur. Prezidentin sözlərinə görə, ABŞ tərəfinin daha bir neçə ideyası var və Vaşinqton uyğun vaxtda onları tərəflərlə bölüşmək istəyir.
Rusiya Donbas tələbindən geri çəkilmir
Bundan əvvəl Kreml Ukraynada müharibənin başa çatdırılması ilə bağlı bir sıra açıqlamalar verib. Bu bəyanatlarda Rusiyanın əsas tələbi – Ukrayna qoşunlarının Donetsk və Luqansk vilayətlərindən çıxması – təkrarlanıb.
Rusiya Prezidenti Vladimir Putin də Moskvanın danışıqlara başlamaq üçün müxtəlif təkliflər aldığını, lakin Rusiya tərəfinin bunlarla razılaşmadığını bildirib.
Ukrayna Prezident Ofisi rəhbərinin birinci müavini Sergey Kislitsa isə daha əvvəl Rusiyanın hazırda fəal danışıqlar aparmaq istəməməsinin səbəblərindən birinin qışın gəlməsini gözləməsi olduğunu deyib. Onun sözlərinə görə, Moskva ukraynalıların bu dövrü keçirə bilməyəcəyinə ümid edir.
Aydın
Şərhlər