Siyasət 12:10 31.03.2023

Yüksək peşəkarlıq, uğurlu əməliyyat - Fərruxdan başlayan proses davam edir

Azərbaycan Ordusunun son əməliyyatına dair Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada bildirilir ki, sözügedən əməliyyat Azərbaycan ordusu tərəfindən yüksək peşəkarlıqla həyata keçirilib: 

"Uğurlu əməliyyat nəticəsində bir neçə yaşayış məntəqəsi, strateji yollar nəzarətə götürülüb. Hətta erməni mediası belə bu gün açıqlanan əməliyyatın Azərbaycan Ordusu tərəfindən yüksək peşəkarlıqla reallaşdırıldığını etiraf edir. Əməliyyatdan sonra Xankəndi-Laçın yoluna nəzarət imkanları genişlənib. Bu yol boyunca bütün ərazilər artıq Azərbaycan ordusunun qəti nəzarəti altındadır”.

Vurğulayaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Laçına səfəri zamanı söylədiyi fikirlər reallaşmaqdadır. Dövlət başçısı bildirmişdi ki, "Azərbaycan öz məqsədlərinə çatacaq və bu işdə ona heç kim mane ola bilməz. Azərbaycan torpaqlarına gizli silah daşınması və digər qeyri-qanuni fəaliyyətlərə son qoyulacaq”. 

Son hərbi əməliyyatla faktiki olaraq Prezidentin fikirləri öz təsdiqini tapmış oldu. 

Hərbi ekspert Ədələt Verdiyev Qaynarinfo-ya açıqlamasında qeyd edib ki, 2023-cü ildə rəqib və düşmənlərimiz üçün sürprizlərimiz daha çox olacaq:
 

 
"Azərbaycan Ordusunun keçirdiyi son əməliyyat yüksək peşəkarlıq nümunəsidir. Bu bir daha onu göstərir ki, kimsə ölkəmizlə təhdid, ultimatum dililə danışa bilməz. Azərbaycan BMT-nin qərarlarını təkbaşına icra etdiyi kimi, üçtərəfli birgə bəyanatın şərtlərini də öz gücü və potensialı hesabına icra edə bilər. Fərrux yüksəkliyinin azad edilməsilə başlayan rus kontingentinin nəzarətində olan torpaqlarımızın qanunsuz silahlı dəstələrdən təmizlənməsi və nəzarətimizə qaytarılması prosesi bundan sonra da davam edəcək”. 

Rüfət Sultan