XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bir litr süd 15 qəpiyə satılır? - Fermerdən açıqlama
Ölkə17:16 24.08.2026

Bir litr süd 15 qəpiyə satılır? - Fermerdən açıqlama

“Hazırda inək südünün bir litri 0.7-1 manat arasındadır. Bizdə camışçılıq təsərrüfatıdır. Camış südünün bir litri 2,50-3,50 manat arasında dəyişir”.

Bunu Qaynarinfo-ya açıqlamasında fermer Kərim Kərimli sosial şəbəkələrdə südün bir litrinin 15 qəpiyə satılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

Fermer yığım məntəqələrində südün bir litrinin 30 qəpikdən götürüldüyünü xatırladıb:

“Təmiz camış südünün bir litri isə 2-3 manat arasında satılır. Həmin südü bir vəziyyətə qoyub satırlar ki, ona 30 qəpik də çoxdur. Üzünü yığıb su qatırlar. Bu vəziyyəti özləri yaradıb. Kim yaxşı malını 15 qəpiyə satar? Bu sektorda işlər çox iyrənc vəziyyətə gətirilib. Mən də fermerlərin bu hərəkətini uzaqdan seyr edirəm. Özüm-özümə deyirəm ki, bunlara bu da azdır. Bir neçə şirkət var, bütün ölkə üzrə süd yığır. Yerli camaat da öz istədiyini edir. Süd axşam sağılır, onun üzünü yığıb saxlayırlar. Səhər isə südün üzünü yığmadan axşamkı südə qatırlar. Və bunun da bir litrini tədarükçü şirkətlərə 30 qəpiyə satırlar. Ona görə də vəziyyət bu yerdədir”.

Kərim Kərimli hesab edir ki, heç bir kəndli südün bir litrini 15 qəpiyə verməz:

“Şirkətlərin biri təklif elədi ki, 70 qəpikdən südü ona verim. İnəyim yoxdur, bizdə camışdır. Təmiz südün təmiz də qiyməti var. Kənd camaatı həm özünü batırdı, həm də süd işi ilə bağlı olan şirkətləri. Heç vaxt bu qiymətə süd satmaram”.

Qeyd edək ki, fermerlər istehsal etdikləri südün onlardan aşağı qiymətə alınmasından narazılıq ediblər. Onlar 3 litr südə cəmi 45 qəpik ödənildiyini açıqlayıblar. Bu məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bahar Rüstəmli