Siyasət 16:56 13.09.2023

“Zaxarova demək istəyib ki...” - Politoloq

"Zaxarova demək istəyib ki, Rusiya Azərbaycanın Qarabağ üzərində hüquqlarını tanımaq məcburiyyətində qalıb. Bu məcburiyyəti yaradan səbəb isə Ermənistanın hökumət başçısı Nikol Paşinyandır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın "Bakının Qarabağda hüquqlarını tanıyan Rusiya deyil, Ermənistan rəhbərliyidir” fikrini şərh edərkən deyib.



"Zaxarovanın həmin açıqlaması məhz bu mənaya gəlir. Yoxsa, Rusiyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımadığını demir. Çünki tanımaq məsələsi beynəlxalq hüquqdan irəli gələn məcburiyyətdir. Sadəcə, Kreml bu oyunu uzatmaqla müəyyən mənada özünün bölgədə haqqının olması və bu haqqın əsaslandırılması üçün humanitar problem, entik təmizləmə təhlükəsinin olduğunu bəhanə gətirməklə uzun müddət regionda qalmaq istəyir. Ermənistan rəhbərliyi isə verdiyi son açıqlama ilə Moskvanın həmin istəyinə əngəl olub”, deyə Natiq Miri bildibi.

Ekspertə görə, Kremli Ermənistan-Rusiya münasibətlərinin korlanmasından daha çox, Qarabağda tamamilə fərqli situasiyanın yaradılması daha çox narahat edir: 

"Çünki bu gedişat Rusiyanın uzun müddətə Azərbaycanın Qarabağ iqtisadi zonasında qalmasının üzərindən xətt çəkir”.

Qeyd edək ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında Bakının Qarabağda hüquqlarını tanıyan tərəfin Rusiya deyil, Ermənistan rəhbərliyi olduğunu deyib. 

Rüfət Sultan