Xəbər lenti

Zərdüşt Əlizadə:
Siyasət 13:15 14.09.2023

Zərdüşt Əlizadə: "Tezliklə Zəngəzur dəhlizi açılacaq”

"Beynəlxalq ticarətin həyata keçməsi, yük daşımaları üçün Zəngəzur dəhlizi açılmalıdır. Buna əngəl olmağın heç bir mənası yoxdur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlunun Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikri şərh edərkən deyib.

"Uraloğlu Türkiyə dövlətində yüksək vəzifə tutur. Bütün hökumət üzvləri kimi o da beynəlxalq aləmdə hadisələrin hansı istiqamət və məcrada getdiyini görür. Yəni, sadə vətəndaşlardan fərqli olaraq Uraloğlu məlumatlı insandır. Ona görə də öz biliyinə və malik olduğu etibarlı məlumatlara əsaslanaraq Zəngəzur yolunun yaxın aylarda açılacağını, Bakı, Ankara və İrəvanın bu istiqamətdə razılığa gələcəyini bildirir”, deyə politoloq bildirib.
 


Zərdüşt Əlizadə qeyd edib ki, Türkiyə artıq indidən həmin prosesin həyata keçməsinə vəsait ayıraraq, yatırım qoyur:

"Habelə, bu istiqamətdə dəmir yolu çəkməyə başlayır. Zəngəzur dəhlizi də açılacaq”.

Zəngəzur yoluna nəzarətə gəlincə, politoloqun fikrincə, bura Rusiya nəzarət edə bilməyəcək: 

"Rusiya da gözəl bilir ki, Zəngəzur dəhlizi açılacaq. Moskva özünün beynəlxalq aləmdə əhəmiyyətinin azaldığını bildiyindən bu nəqliyyat dəhlizinə də nəzarət etmək istəyir. İstəyir ki, Zəngəzur yoluna Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti nəzarət etsin. İrəvan isə bunu istəmir. Amma hələlik onu açıq bildirməyə cürəti çatmır. Amma çatacaq. Addım-addım öz ölkəsində Rusiyanın təsirini azaldır, erməni cəmiyyətinin təfəkkürünü dəyişdirir. Artıq ermənilər də anlayır ki, Rusiya onların dostu deyil. Tədricən, Rusiya tərəfdarları erməni cəmiyyətində bütün nüfuzlarını itirən kimi, Paşinyan bəyan edəcək ki, Zəngəzur yoluna ruslar deyil, erməni xüsusi güc strukturları nəzarət edəcək və bununla da məsələ bitəcək”. 

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu bildirib ki, Türkiyə yaxın aylarda Zəngəzur dəhlizinin açılışına başlayacaq: "Zəngəzur dəhlizi məsələsində biz müəyyən yol keçmişik və inanıram ki, Azərbaycan, Türkiyə və Ermənistan bunu qısa zamanda həyata keçirəcək".

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->