Siyasət 17:02 06.06.2023

Tehran rejimindən növbəti şovinist addım (ŞƏRH)

"Tehran rejimi Güney Azərbaycan türkünün assimilliyasiyasını həyata keçirir. Bu addımın pərdəarxası da buna hesablanıb ”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Orta Doğu” Araşdırmalar Mərkəzinin sədri Sədrəddin Soltan İran dərsliklərində Azərbaycan Respublikası adının "Bakı Respublikası” kimi təqdim olunmasını şərh edərkən deyib.

"İranda dərsliklərdə Azərbaycan dövlətinin adı "Bakı Respublikası” kimi təqdim edilir. Bunu da anlamaq olar. Çünki Tehran rejiminin qulluq etdiyi panfarsist siyasi ideologiya türkə qarşı nifrət üzərində qurulub.Yəni fars şovinizminin əsas hədəfi türklükdür.Tehran harada türkün izi varsa, onu ya ləkələmək, ya da məhv etməyə çalışır. Buna əli çatmayanda isə təhrif edir. İran hakimiyyəti keçən əsrin 20-ci illərindən, Rza şah Pəhləvi hakimiyyətə gətiriləndən bu günə qədər Azərbaycan türk millətinin assimiliyasiya olunması xəttini seçib. Sovet dönəmində Azərbaycanı "Şurəvi” kimi təqdim edirdilər. Bu da Güney Azərbaycan türklərinə Quzeydəki Azərbaycanı yadlaşdırmaq məqsədi daşıyırdı. Bu gün də Azərbaycan Respublikası deyiləndə, bayrağımız dalğalananda, İrandakı panfarsist düşüncənin daşıyıcıları qıcıqlanırlar. Çünki bu, Güney Azərbaycan türkünün milli mənlik, milli dövlətçilik və milli tarixi istiqamətində özünü dərki üçün bir impuls, bir örnəkdir. Ona görə də bu fars düşüncəsi üçün sərfəli deyil. Odur ki, Azərbaycan Respublikasının adını unutdurmaq üçün tez-tez onu "Bakı Respublikası”, "şuravi”dən qalma ərazi kimi təqdim edirlər. Nə qədər ki, Güney Azərbaycan türkünün və milli azlıqların milli haqları təmin olunmur, fars hakim ideologiyası hər zaman qeyri-farsları assimiliyasiya edəcək”, deyə ekspert bildirib. 

Qeyd edək ki, son illər İran mediasında gedən yazılarda əksər hallarda Azərbaycan Respublikası "Bakı Respublikası” kimi təqdim  edilir. Lakin məlumatlara görə, iki aya yaxındır ki, İran təhsil  sistemi də bu yanlışlığa yol verməyə başlayıb. Belə ki, sosial şəbəkə iştirakçılarının məlumatına görə, artıq İranın təhsil sistemində azərbaycanlı şagirdlərə zorla Azərbaycan sözünü pozub "Bakı Respublikası” yazmağı təlqin edirlər. 

Rüfət Sultan