Xəbər lenti

10 min addım gəzmək məcburi deyil - Sağlamlıq üçün əslində nə vacibdir?
Sağlamlıq 08:45 09.04.2026

10 min addım gəzmək məcburi deyil - Sağlamlıq üçün əslində nə vacibdir?

Gündəlik fiziki aktivlik uzun və sağlam həyatın vacib şərtidir. Lakin alimlərin müəyyən etdiyinə görə, geniş yayılmış "gündə 10 min addım” qaydası o qədər də mütləq deyil. Müasir tədqiqatlar göstərir ki, daha vacib amillər hərəkətin intensivliyi və həftə ərzində ümumi aktivlik müddətidir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Focus online" yazır.

Nəşrin izahına görə, 10 min addım "qızıl standartı” 1964-cü ildə Yaponiyanın "Yamasa” şirkətinin reklam kampaniyasından qaynaqlanır. Həmin dövrdə "Manpo-kei” adlı ilk portativ pedometr təqdim olunmuşdu və bu ad "10 min addım sayğacı” kimi tərcümə edilirdi. Məqsəd bu rəqəmin sağlam həyat üçün kifayət olduğu təəssüratını yaratmaq idi.

Tədqiqatçılar isə bildirirlər ki, 10 min rəqəmi əslində təsadüfi seçilib. 2025-ci ildə "The Lancet” jurnalında dərc olunan araşdırmaya görə, sağlamlıq üçün gündə artıq 7 min addım belə kifayət edə bilər.

Alimlərin fikrincə, müntəzəm olaraq bu qədər addım atan insanlarda ölüm riski demək olar ki, iki dəfə azalır, ürək-damar xəstəlikləri riski 25 faiz, demensiya riski isə üçdə birindən çox aşağı düşür. Eyni zamanda, 2-ci tip diabet, depressiya və yıxılma halları da daha az müşahidə olunur.

Digər bir araşdırma "British Journal of Sports Medicine” jurnalında göstərib ki, bəzən addım sayından daha vacib olan amil yerimə sürətidir. Alimlər hesab edirlər ki, dəqiqədə 100 addım tempi orta intensiv fiziki aktivlik sayılır və bu, ürək döyüntüsünü artıraraq fiziki formanı yaxşılaşdırır.

ABŞ Səhiyyə və Sosial Xidmətlər Departamentinin tövsiyələrinə əsasən, böyüklər həftədə ən azı 150 dəqiqə orta intensivlikli aerob aktivlik etməlidirlər. Bu isə gündəlik gəzintilərdə tempin bir qədər artırılması deməkdir.

Dəqiqədə 100 addım hədəfi asan yadda qalsa da, onu smart saat və ya fitnes qolbaqları ilə izləmək həmişə rahat olmur, çünki əksəriyyət cihazlar sürəti kilometr və ya mil/saatla göstərir. Buna görə mütəxəssislər məsləhət görürlər ki, insanlar öz hisslərinə əsaslansınlar: nəfəsi və nəbzi artıran, lakin davam etdirilə bilən tempdə yerimək kifayətdir.

Əgər gəzinti uyğun deyilsə, 10 min addım başqa fəaliyyətlərlə də əvəz oluna bilər:

30 dəqiqə qaçış: orta tempdə (təxminən 8 km/saat) 4 000–5 000 addıma bərabərdir
1 saat yoqa: intensivlikdən asılı olaraq təxminən 2 000–3 000 addım

Aydın

--> -->