2025-ci ildə emosional tükənmişlik (burnout) baxımından ən yüksək risk altında olan peşə sahələri məlum olub.
Qaynarinfo xəbər verir ki, psixoloq, neyropsixologiya üzrə magistr və təlimçi Natalya Bezusun gazeta.ru-ya verdiyi açıqlamada bildirdiyinə görə, müasir dövrdə əsas stress amili artıq yalnız gözlənilməz xoşagəlməz hadisələr deyil, gündəlik iş yerində yaşanan emosional və zehni gərginlikdir. Məhz bu amil insanların psixoloji vəziyyətinə ən güclü təsir göstərir.
Ən çox tükənmişlik riski altında olanlar:
* Tibbi işçilər - COVID-19 pandemiyasının fəsadları hələ də səhiyyə sistemində hiss olunur. Həkimlər və tibb bacıları daimi stress, yüksək iş yükü və tez-tez həyati qərarlar qəbul etməklə yanaşı, ağır vəziyyətdə olan pasiyentlərlə də ünsiyyətdə olurlar. Bu isə onları emosional baxımdan həddən artıq yükləyir.
* Müəllimlər - Təhsil sahəsində islahatların ardı-arası kəsilmir. Müəllimlər artan imtahan və yoxlamaların öhdəsindən gəlməyə çalışır, xüsusi yanaşma tələb edən şagirdlərlə işləməli olurlar. Vaxt və resurs çatışmazlığı isə həm dərslərin keyfiyyətinə, həm də pedaqoqların psixoloji durumuna mənfi təsir edir.
* İT sahəsinin mütəxəssisləri - Proqramçılar və kibertəhlükəsizlik üzrə ekspertlər sürətlə inkişaf edən sahəyə uyğunlaşmaq üçün daima yeniliklər öyrənməli və dəyişən şərtlərə adaptasiya olmalıdırlar. Layihələrin dar zaman çərçivəsində icrası və kiberhücumlarla mübarizə bu peşə sahiblərini psixoloji olaraq tükəndirir.
* Xidmət sektorunda çalışanlar - Ofisiantlar, satıcılar, baristalar və digər xidmət işçiləri daim müştəri məmnuniyyəti uğrunda çalışmalı, konfliktləri həll etməli və qeyri-sabit iş qrafikinə uyğunlaşmalıdırlar. Çox vaxt kadr çatışmazlığı da bu yükü daha da artırır.
* Psixoloqlar - Artan psixoloji dəstək tələbatı fonunda özləri də tükənmə riski ilə üzləşirlər. Onlar müxtəlif peşə sahiblərinə - həkimlərdən siyasətçilərə qədər - yardım göstərsələr də, özləri də hüquqi məhdudiyyətlər və yüksək peşə tələbləri altında işləyirlər.
Psixoloqdan tövsiyə:
"Əgər bu peşələrdən birində çalışmaq və ya gələcəkdə bu istiqamətdə peşə seçmək niyyətindəsinizsə, əvvəlcədən psixoemosional dayanıqlığınızı qorumaq yolları barədə düşünmək vacibdir. İş və istirahət rejiminə əməl etmək, öz rifahınıza diqqətli yanaşmaq və stressin profilaktikasını aparmaq peşəkar davamlılıq üçün vacib şərtlərdir".
Aydın
Şərhlər