XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

27 ildən sonra Avropada tam Günəş tutulması izləniləcək – Ən yaxşı müşahidə məkanları
Dünya18:50 11.08.2026

27 ildən sonra Avropada tam Günəş tutulması izləniləcək – Ən yaxşı müşahidə məkanları

Sabah 27 ildən sonra ilk dəfə Avropanın bəzi bölgələrində tam Günəş tutulmasını müşahidə etmək mümkün olacaq.

Qaynarinfo xəbər verir ki, sonuncu dəfə Avropada tam Günəş tutulması 11 avqust 1999-cu ildə müşahidə edilib.

12 avqustda Ay Günəşin qarşısından keçərək Qərbi və Şimali Avropanın bəzi hissələrini qaranlığa qərq edəcək. Hadisə astronomiya həvəskarları ilə yanaşı, minlərlə turistin də diqqətini cəlb edib.

Tam tutulmanı harada izləmək olar?

Tam Günəş tutulmasını müşahidə etmək üçün ən əlverişli məkanlardan biri İspaniyanın şimalıdır. Tutulmanın tamlıq zolağı Qalisiya, Kantabriya, Bask ölkəsi, Araqon və Balear adaları istiqamətindən keçəcək.

A Korunya ətrafı, Kantabriya sahilləri və Mayorka xüsusilə əlverişli yerlər hesab olunur. Bu ərazilərdə tam tutulma Günəşin üfüqə yaxın olduğu vaxt baş verəcək. Beləliklə, müşahidəçilər “günbatımı tutulması” adlandırılan nadir mənzərənin şahidi ola biləcəklər.

Digər əlverişli istiqamət İslandiyadır. Adanın qərb hissəsi, o cümlədən Reykyavik, Reykjanes yarımadası, Snaefellsnes və Vestfirdir bölgəsi tutulmanı izləmək üçün münasib məkanlar olacaq.

İslandiyada astronomik müşahidələrlə yanaşı, konsert və müxtəlif mədəni tədbirləri birləşdirən “Iceland Eclipse” festivalının da keçirilməsi planlaşdırılır.

Şərqi Qrenlandiyada da tam Günəş tutulmasını görmək mümkün olacaq. Lakin ərazinin əlçatmazlığı və infrastrukturun məhdud olması səbəbindən bu istiqamət əsasən təcrübəli səyahətçilər üçün uyğundur.

Bir sıra Avropa ölkələrində qismən tutulma olacaq

Fransa, Belçika, İsveçrə, İtaliyanın şimalı və Böyük Britaniya kimi ölkələrdə isə Günəş tutulması qismən müşahidə ediləcək.

Bu ərazilərdə Günəş diskinin 90 faizdən çoxu Ay tərəfindən örtülə bilər. Lakin tam tutulma baş vermədiyindən Günəş tacını – tam tutulmanın ən möhtəşəm hissəsini görmək mümkün olmayacaq.

Günəşə qoruyucusuz baxmaq təhlükəlidir

Mütəxəssislər Günəş tutulmasını müşahidə edərkən xüsusi və sertifikatlaşdırılmış qoruyucu eynəklərdən istifadə etməyi tövsiyə edirlər.

Qismən tutulma zamanı Günəşə adi eynəklə və ya heç bir qoruyucu vasitə olmadan baxmaq gözlərdə qalıcı zədələnmələrə səbəb ola bilər.

Növbəti tam tutulma artıq gələn il olacaq

12 avqust 2026-cı il tutulması astronomik hadisələrin sonuncusu deyil.

Artıq 2 avqust 2027-ci ildə “əsrin tutulması” adlandırılan növbəti tam Günəş tutulması baş verəcək. Onun müddəti 6 dəqiqədən çox olacaq.

Avropada bu hadisəni müşahidə etmək üçün ən əlverişli yerlər İspaniyanın cənubu – xüsusilə Malaqa, Kadis və Cəbəllütariq olacaq.

Günay