ABŞ-ın keçmiş prezidenti Barak Obama yeni layihəyə başlayır. O, podkast aparıcısı kimi fəaliyyət göstərəcək.
Qaynarinfo xəbər verir ki, Obamanın yeni podkastının ilk buraxılışı sentyabrın 24-də yayımlanacaq.
Maraqlıdır ki, keçmiş prezidentin hazırladığı veriliş siyasətə deyil, ədəbiyyata həsr olunacaq.
“Barak Obama ilə möhtəşəm kitab” adlı podkast “Audible” platforması ilə Obama və həyat yoldaşı Mişel Obamanın təsis etdiyi “Higher Ground” prodüser şirkətinin əməkdaşlığı çərçivəsində hazırlanıb.
Obama layihə ilə bağlı sosial şəbəkədə paylaşımında bildirib ki, mütaliənin insan həyatındakı əhəmiyyətini yenidən gündəmə gətirmək istəyir:
“Getdikcə daha az insanın kitab oxumaq üçün vaxt ayıra bildiyi bir dövrdə mütaliənin gətirdiyi sevinc və gücü xatırlamaq vacibdir. Bəzi kitablar yalnız hekayə danışmır, həm də dünyaya baxışımızı dəyişir”.
Keçmiş prezident bildirib ki, bir müddət əvvəl gənclik illərində ona təsir edən kitabları yenidən oxumağa başlayıb. O, xüsusilə Ceyms Boldvin, Kormak Makkarti və Con le Karrenin əsərlərini qeyd edib.
Obama podkastda bir neçə dostunu da qonaq edəcəyini açıqlayıb. Onun sözlərinə görə, verilişdə həmin kitabların insanlara niyə bu qədər təsir etdiyi, ədəbiyyatın insanın özünə və başqalarına baxışını necə dəyişdirdiyi müzakirə olunacaq.
Lakin keçmiş prezident podkastın qonaqlarının adlarını açıqlamayıb.
Qeyd edək ki, Barak Obama bundan əvvəl yazıçı Malkolm Qladvell ilə də əməkdaşlıq edib. Onlar ABŞ-da vətəndaş müharibəsindən sonrakı “Rekonstruksiya dövrünə” həsr olunan səkkiz hissəli podkast seriyası hazırlayıblar.
Obama və həyat yoldaşı Mişel Obama kino sahəsində də fəaliyyət göstərirlər. Onların prodüser şirkətinin hazırladığı “Amerika fabriki” sənədli filmi 2020-ci ildə “Oskar” mükafatına layiq görülüb.
Günay
Şərhlər