"Cahid Hilaloğlunun məzarını jurnalistlərin sayəsində tapdım".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva 35 il sonra atalığının qəbrinin tapılmasından danışarkən deyib.
Aktrisa atalığının qəbrinin tapılmasında tanınmış jurnalist Asif Mərzilinin əməyi olduğunu bildirib:
"O, Ağdamın Mərzili kəndindəndir. Ona müraciət edim. Araşdırma apardı. Bundan əlavə millət vəkili Rəfael Hüseynov da Cahid Hilaloğlu haqqında danışmışdı. Mən də sosial şəbəkə hesabımda bir yazı yazmışdım. Nəticədə Cahid Hilaloğlunun məzarını tapıldı".
Aktrisa işğaldan azad edilən torpaqlara ilk dəfə getdiyini vurğulayıb:
"Vətən müharibəsindən sonra Qarabağa getmək istəyirdim. Amma neyləsəm də, ayağım həmin torpaqlara getmirdi. Ürəyimdə bir niskil var idi. Nəhayət ki, bu aradan götürüldü. 3 gün öncə məlumat aldım ki, məzar tapılıb, getdim, ziyarət etdim, çox sevindim, həm də kövrəldim. Allah heç kəsin gözünü yolda qoymasın. Neçə illlərdir ki, gözüm yol çəkirdi".
Aktrisa Cahid Hilaloğlunun məzarının tapılmasında ona dəstək verən hər kəsə təşəkkürünü bildirib. Eyni zamanda 3 gün onunla birgə əziyyət çəkən aktyor İlham Əsədova da minnətdarlıq edib.
Qeyd edək ki, Xalq artisti Naibə Allahverdiyeva 35 il sonra atasının məzarını ziyarət edib. Aktrisanın atalığı Cahid Hilaloğlunun məzarı
Ağdamın Mərzili kəndində tapılıb.
Xatırladaq ki, Cahid Hilaloğlu sovet dövründə milli azadlıq ideyalarını müdafiə edən fəallardan olub. Onun 1957-ci il mayın 28-də - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümündə Azərbaycanın üçrəngli bayrağını Qız Qalasının üzərinə sancdığı və buna görə 10 il müddətinə həbs həyatı yaşadığı bildirilib.
Bahar Rüstəmli
Şərhlər