Xəbər lenti

Ölkə 18:14 03.04.2026

"44 günlük müharibə Cənubi Qafqazda oyun qaydalarını dəyişdi" - Politoloq

(Məqalə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması"  mövzusu üzrə hazırlanıb)
 
Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi qeyd olunur. Həmin gün Azərbaycan 44 günlük Vətən müharibəsində hərbi, siyasi, diplomatik və informasiya sahələrində qələbə qazanıb. 

Politoloq, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov Qaynarinfo-ya açıqlamasında bildirib ki, 2020-ci ildə Azərbaycanın Ermənistan üzərində qələbəsi və ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoydu:

"Azərbaycanın zəfəri regionu köklü şəkildə dəyişdi və proseslər bundan  sonra pozitiv istiqamətdə inkişaf etməyə başladı. 2023-cü ilin sentyabrında separatçı tör-töküntülərə və bölgədə məskunlaşmış terrorçu qruplara qarşı keçirilən uğurlu antiterror əməliyyatı beynəlxalq terror şəbəkəsinin mühüm həlqələrindən birini də sıradan çıxardı".

Əli Orucov vurğulayıb ki, bu tarixi qələbələr Cənubi Qafqazda sülh təşəbbüslərinin reallığa çevrilməsinə zəmin yaradıb:

"Ötən ilin 8 avqustunda Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə iki dövlət arasında normallaşma və sülh sazişinin paraflanması region üçün yeni üfüqlər açdı. İqtisadi, ticarət və kommunikasiya əlaqələrinin bərpasına diqqət yetirildi, Bakı ilə İrəvan arasında inteqrasiya imkanları və mövcud  maneələr müzakirə olundu".
 


Politoloqun sözlərinə görə, sülh gündəliyinin irəli aparılması ilə yanaşı  Azərbaycan hərbi və insanlıq əleyhinə cinayətlər törətmiş bir qrup separatçı rəhbəri həbs edərək ədalət mühakiməsinə çıxarıb:

"Tam şəffaf və obyektiv aparılan istintaqdan sonra onlar məhkəmədə ədalətli şəkildə mühakimə olunaraq layiq olduqları cəzaları aldılar.  Məncə, Azərbaycan cinayətləri təkzibedilməz faktlarla sübuta yetirilən şəxslərə qarşı belə humanizm nümayiş etdirdi. Bu, həm də mesajdır ki, Azərbaycana qarşı cinayət törədənlər kimliyindən asılı olmayaraq cəzasız qalmır və beynəlxalq hüquq normaları tətbiq olunur". 

Əli Orucov əlavə edib ki, Azərbaycanın artan qüdrəti və beynəlxalq nüfuzu, eləcə də dövlət başçısının siyasi iradəsi imkan verir ki, dünyanın harasında olursa-olsun Azərbaycan xalqına və dövlətinə qarşı törədilən cinayətlər cəzasız qalmasın. 

Bahar Rüstəmli
--> -->