Dünya 11:20 12.06.2022

ABŞ əhalisi ayağa qalxdı, Bayden etirazçıları dəstəklədi

Şənbə günü, iyunun 11-də ABŞ-da on minlərlə insan silah zorakılığına etiraz etmək üçün küçələrə çıxaraq qanunvericiləri Birləşmiş Ştatlarda silah sahibliyi qanunlarına düzəlişlər etməyə çağırıb.

Qaynarınfo bu barədə Reuters agentliyinə istinadən xəbər verir.

"Reuters”in məlumatına görə, "həyatımızı qorumaq  üçün” yürüşünün təşkilatçıları şənbə günü ABŞ-ın paytaxtı Vaşinqtonda "National Mall”da 40 minə yaxın insanın toplaşdığını bildiriblər.

Vurğulanır ki, 2018-ci il Florida ştatındakı Parkland liseyinə silahlı hücumdan sağ çıxan bir qrup şəxs tərəfindən "Bizim üçün qoruma yürüşü" kampaniyasına start verilib. 
Sözügedən hücumda ən azı 17 tələbə həlak olmuşdu.

Vaşinqtonda keçirilən mitinqdə çıxış edənlər ABŞ senatorlarına silah satışının daha sərtləşdirilməsi ilə bağlı qanun qəbul etmədikləri üçun xəbərdarlıq edib.

Şənbə günü ABŞ prezidenti Co Bayden də etirazı dəstəkləyərək silah sahibliyi qanunlarına düzəlişlər edəcək yeni qanun layihəsinin qəbul olunacağına ümid etdiyini bildirib.

Məlumata görə, şənbə günü ABŞ-ın 45 ştatında yüzlərlə şəhərdə silahlı zorakılığa qarşı etiraz aksiyaları keçirilib.

Xatırladaq ki, ötən son bir neçə ayda Amerikada baş verən silahlı atışma nəticəsində onlarla insan həyatını itirib.

Qeyd edilir ki, Nyu York, Los-Anceles və Çikaqoda da etiraz kampaniyaları keçirilib.

M.Arıf