Britaniyanın Hempşir qraflığının Liminqton şəhərindən olan İan Peyton çəkisi 1295,8 kiloqram, çevrəsi isə 6 metr olan balqabaq yetişdirib. O, balqabağa Baqira adını verib və yeni dünya rekordu müəyyənləşdirib.
Qaynarinfo xəbər verir ki, rekord Ginnesin Rekordlar Kitabına daxil edilib.
Rekord şənbə günü Berkşir qraflığının Uorqreyv şəhərində nəhəng tərəvəzlərin çəkisinin müəyyənləşdirilməsi üzrə keçirilən yarışda qeydə alınıb. Ginnesin Rekordlar Kitabının rəsmi hakimi Sebastyan Suski nəticəni təsdiqləyib.
Peyton balqabağın yetişdirilməsinə iki ay vaxt sərf edib və ona gündə beş-altı saat qulluq edib. O, bitkiyə hər gün təxminən 490 litr su verib.
"Mən balqabağın böyük olduğunu bilirdim. Çünki onu yükləyici ilə qaldıranda bütün xəbərdarlıq işıqları yolka kimi yanmağa başladı və balqabağın həddindən artıq ağır olduğunu göstərdi", deyə bağban bildirib.
Onun sözlərinə görə, əlavə köklərin əmələ gəlməsi üçün balqabağın zoğlarını torpağa basdırmaq çox vaxt aparıb. Peytonun fikrincə, meyvənin bu qədər böyük ölçüyə çatmasını məhz bu üsul təmin edir. Balqabaq bütün istiqamətlərdə sutkada təxminən 40 santimetr böyüyüb.
Əvvəlki rekord 1278,8 kiloqram olub. Peyton bu nəticəni 2025-ci ildə əkiz qardaşı Stüartla birlikdə müəyyənləşdirib. Bu il isə qardaşı dünya səyahətinə çıxmaq qərarına gəldiyi üçün Peyton ilk dəfə tək iştirak edib.
"Bunu özüm edə bildiyimi dərk etmək xoşdur", deyə rekordçu bildirib.
Ginnesin Rekordlar Kitabının məlumatına görə, Peytonun balqabağı tarixdə ən ağır balqabaq olub. O, 2023-cü ildə amerikalı Trevis Gincerin yetişdirdiyi 1246,9 kiloqramlıq balqabağın rekordunu geridə qoyub.
Balqabağın sonradan inəklər üçün yem kimi istifadə olunması planlaşdırılır.
Aydın
Şərhlər