Siyasət 16:15 28.06.2022

ABŞ - İran danışıqları nəticə verəcəkmi? (ŞƏRH)

Bu gün Qətərin paytaxtı Dohada ABŞ-la İran arasında birbaşa olmayan görüş keçiriləcək. ABŞ Dövlət Departamentindən bildirilib ki, İran nüvə paktı çərçivəsində əlavə tələbləri qəbul edib-etməməsi barədə qərara gəlməlidir. 

Müzakirələrdə iştirak etmək üçün İranın nüvə danışıqlarına başçılıq edən heyətinin rəhbəri Əli Baqeri Kani Dohaya səfər edib. ABŞ-ı danışıqlarda İran üzrə xüsusi nümayəndə Robert Malli təmsil edəcək. Məlumata görə, tərəflər Avropa İttifaqının nümayəndəsi və BMT Təhlükəsizlik Şurasının nüvə məsələləri üzrə koordinatoru Enrike Mora vasitəsilə əlaqə saxlayacaq.
 
Qaynarinfo-ya açıqlamasında sözügedən görüşü dəyərləndirən politoloq Taleh Əliyevin fikrincə, burada prosesə daha çox İran-İsrail münasibətlərində gərginliyin azaldılmasına çalışmaq fonunda baxılmalıdır:

"Bugünki görüşün dərhal öz müsbət nəticəsini verəcəyini düşünmürəm. İranın İsrailə qarşı apardığı aqressiv siyasət fonunda Vaşinqton-Tehran münasibətlərinin normallaşması, xüsusən də nüvə danışılqarında ciddi irəliləyişlərin olacağı inandırıcı görünmür. Hazırda regionda ciddi İsrail-İran qarşıdurması müşahidə olunur. Tehran çalışır ki, Fəsəltin, Livan və Suriyada İsrailin təhlükəsizliyi üçün yeni təhdidlər yaratsın. Ona görə də Dohadakı danışıqlara prosesin əslində hazırlıq mərhələsi kimi baxmaq lazımdır. Görüş daha çox İran-İsrail münasibətlərində gərginliyin azaldılması fonunda təhlil olunmalıdır. Bu tip qaynar məsələlərin həllində Doha, Bəhrəyn, BƏƏ-in vasitəçilik missiyası daha intensiv xarakter alıb”. 

Rüfət Sultan