Dünya 11:47 17.02.2023

ABŞ Krımdakı Rusiya hərbi bazalarını USQ üçün qanuni hədəf hesab edir - Nuland

ABŞ Krımı Rusiyanın nəhəng hərbi bazaya çevirdiyi Ukrayna ərazisi hesab edir və Kiyevin yarımadadakı Rusiya hərbi obyektlərinə hücum qərarına qarşı olmayacaq.

Qaynarinfo "Ukrinform"a istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Karnegi Fondunun təşkil etdiyi onlayn müzakirə zamanı deyib.

"Mən ukraynalıların harada döyüşmək qərarına gələcəyini və ya qısa, orta və ya uzunmüddətli perspektivdə Krımla bağlı hansı qərar verəcəyini əvvəlcədən qiymətləndirənəyəcəyəm, lakin biz Krımı Ukrayna torpağı kimi tanıyırıq”, - Nuland deyib.

Nuland xatırladıb ki, Rusiya işğalçı hakimiyyəti Krımı ələ keçirən kimi dərhal insan haqlarının kütləvi şəkildə pozulmasına, Krım tatarlarına və işğalla razılaşmayan digərlərinə qarşı təqiblərə əl atıb. Bundan əlavə, Rusiya Federasiyası yarımadanı Ukraynanın qalan hissəsinə qarşı genişmiqyaslı hücum üçün istifadə edilən ən böyük hərbi bazaya çevirib.

Ona görə də onun fikrincə, Krımdakı Rusiya hərbi bazaları Ukrayna Silahlı Qüvvələri üçün qanuni hədəf hesab edilməlidir.

Eyni zamanda Nuland qeyd edib ki, Krım ən azı silahsızlaşdırılmasa, Ukrayna təhlükəsizliyə nail olmayacaq.

Bundan əlavə, dövlət katibinin müavini bildirib ki, Vaşinqton Ukraynanı təkcə indi qələbə üçün döyüş meydanında lazım olan silahlarla deyil, həm də müharibə başa çatdıqdan sonra Rusiya Federasiyasını daha da cilovlamaq üçün təmin etmək imkanını nəzərdən keçirir.

Bununla bağlı o qeyd edib ki, bunun üçün Ukraynaya da sabit hava hücumundan müdafiə lazımdır. Bundan əlavə, ukraynalıların "Rusiya Federasiyası tərəfdən bir daha işğal oluna bilməyəcəyinə əmin olmaq üçün daha güclü sərhəd müdafiəsi, daha yaxşı radar və erkən xəbərdarlıq sistemlərinə ehtiyac olacaq”.

Alpər