"Ağ Evin İsrail, Ukrayna və Tayvan siyasətində geri çəkilmə, yubanma baş vermir və verməyəcək. Vaşinqtonun Kiyevə dəstəyi əvvəlki kimi yüksək səviyyədə davam edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun Ukraynaya yardım üçün cəld hərəkətə keçməklə bağlı Konqresə yönəlik çağırışını şərh edərkən deyib.
"Azərbaycan və bir sıra digər ölkələrin mediasında belə təəssürat yaradılır ki, İsrail-HƏMAS qarşıdurması başlayandan bəri Qərbin Ukraynaya yardımı ikinci plana keçib. Amma ABŞ-ın aydiyyatı qurumları, prezident, Dövlət Departamenti, Pentaqon və Konqresin açıqlama və müvafiq istiqmətdəki fəaliyyətini ardıcıl izləyəndə bunun belə olmadığını görərik. Qərbin Rusiya - Ukrayna müharibəsilə bağlı ən düzgün dəyərləndirməni Kreml rəsmiləri özləri bildiriblər. Onlar bildirir ki, Qərb Rusiyaya qarşı strateji cəhətdən çökdürmə siyasəti həyata keçirir. Onun da məqsədi Ukrayna cəbhəsində prosesləri "bir addım irəli, bir addım geri" taktikası ilə həyata keçirməkdir ki, Moskva ciddi narahat olub nüvə silahına əl atmasın. Ona görə də bu gün Ukrayna cəbhəsində baş verən proseslər Rusiyanı Ukrayna içərisində əritməyə hesablanmış strategiyadır", deyə Taleh Əliyev bildirib.
Həmsöhbətimizə görə, bu baxımdan Con Boltonun açıqlaması ictimai rəyi ABŞ-ın atacağı növbəti addımlara hazırlamağa hesablanıb:
"İsrail-HƏMAS müharibəsi yeni başlayanda prezident Bayden Konqresə İsrail, Ukrayna və Tayvana 100 milyard dollarlıq yardım paketi təqdim edir. Bu da onu deməyə əsas verir ki, Ağ Evin siyasətində sözügedən üç istiqamətin hər hansı birində geri çəkilmə, yubanma baş vermir və verməyəcək. Vaşinqton Kiyevə dəstəyi əvvəlki tək yüksək səviyyədə davam etdirilir”.
Qeyd edək ki, ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton mediaya açıqlamasında Ukrayna məsələsində Konqresi dərhal hərəkətə keçməyə çağırıb. O bildirib ki, hazırda diqqət Qəzzadakı müharibəyə yönəldiyi üçün amerikalılar Ukrayna savaşını "unuda bilər”.
Xatırladaq ki, son zamanlar Konqres Ukraynaya əvvəlki tək yardım ayrılmasının əelyhinə çıxış etməyə başlayıb. Bu isə Ağ Evdə ciddi narazılığa səbəb olub.
Rüfət Sultan
Şərhlər