Xəbər lenti

ABŞ yeni hədəfini seçdi:
Dünya 12:53 05.06.2026

ABŞ yeni hədəfini seçdi: "İranla işimizi bitirən kimi onlarla məşğul olacağıq"

ABŞ prezidenti Donald Tramp Kubadakı mövcud hakimiyyətin demək olar ki, tamamilə çökdüyünü iddia edərək, "İranla işimizi bitirən kimi burayla məşğul olacağıq" açıqlamasını verib. 

Qaynarinfo xəbər verir ki, Tramp ABŞ-ın Kuba xalqına "yardım etmək” istədiyini bildirərkən, ABŞ Maliyyə Nazirliyi Kuba prezidenti Migel Dias-Kanel və ailəsi də daxil olmaqla beş nəfəri sanksiya siyahısına əlavə edib.

Tramp Oval Ofisdə keçirilən tədbirdən sonra jurnalistlərin suallarını cavablandırarkən Kuba ilə bağlı diqqətçəkən fikirlər səsləndirib. O, ölkədəki mövcud idarəetmənin ciddi böhran içində olduğunu iddia edib və ABŞ-ın yaxın dövrdə Kuba siyasətini daha da sərtləşdirəcəyinə işarə edib.

Vaşinqtonun açıqlamaları ABŞ Maliyyə Nazirliyinin Kuba rəhbərliyindəki yüksək vəzifəli şəxslərə və onların ailə üzvlərinə qarşı yeni sanksiyaları elan etməsindən sonra yayılıb. Yeni məhdudiyyətlərin adada enerji böhranı səbəbilə dərinləşən elektrik kəsintiləri və ərzaq çatışmazlığı fonunda Havana hökumətinə təzyiqi artırmaq məqsədi daşıdığı bildirilir.



"Kubada qısa bir dayanacaq edəcəyik”

Tramp Kubadakı vəziyyəti "demək olar ki, çökmüş sistem” kimi xarakterizə edib və kubalıların ABŞ-dan yardım istədiyini iddia edib. O, "Ora bir növ çökmüş vəziyyətdədir. İranla işimizi bitirən kimi burayla məşğul olacağıq. Biz hər dəfə eyni anda yalnız bir iş görməyi sevirik. Geri dönüş yolunda Kubada qısa bir dayanacaq edəcəyik” deyib.

Tramp həmçinin Kuba prezidenti Migel Dias-Kanelə qarşı tətbiq edilən yeni sanksiyaların nəticə verəcəyini düşündüyünü bildirib. Bu açıqlamalar Vaşinqtonun Havana ilə bağlı təzyiq strategiyasında yeni mərhələyə keçid kimi qiymətləndirilir.


Migel Dias-Kanel

Kuba rəhbərliyinə yeni sanksiyalar

ABŞ Maliyyə Nazirliyi Kuba rəhbərliyinə qarşı yeni sanksiyalar barədə məlumat yayıb. Qurumun açıqlamasına görə, Kuba prezidenti Migel Dias-Kanel, onun həyat yoldaşı Lis Kuesta Perasa, ögey oğlu və hüquq müşaviri Manuel Anido Kuesta, eləcə də sabiq prezident Raul Kastronun oğlu Alejandro Kastro Espin və nəvəsi Raul Alejandro Kastro Kalis sanksiya siyahısına daxil edilib.

"Associated Press"in məlumatına görə, sanksiyalar çərçivəsində həmin şəxslərin ABŞ-dakı bütün aktivləri dondurulacaq, ABŞ vətəndaşları və qurumlarının onlarla hər hansı maliyyə və ya kommersiya əməliyyatı aparması qadağan ediləcək.



Artan iqtisadi böhran

Yeni sanksiyalar Trampın Kubaya qarşı embarqoları genişləndirən fərmanından sonra tətbiq olunub. Yanvar ayında Venesuelada Nikolas Maduro hökumətinin devrilməsindən sonra ABŞ-ın Kubaya qarşı enerji blokadasını gücləndirdiyi, bunun isə adada elektrik kəsintiləri, ərzaq çatışmazlığı və dərin iqtisadi böhrana səbəb olduğu bildirilir.

Vaşinqtonun bu addımlarının keçmiş lider Raul Kastroya yönələn ittihamlardan sonra Kuba hökumətinə təzyiqi daha da artıracağı gözlənilir. Tramp daha əvvəl Kuba rəhbərliyinin iqtisadiyyatı ABŞ investisiyalarına açmaması və ABŞ-a qarşı olan qüvvələri ölkədən çıxarmaması halında "dostyana idarə dəyişikliyi” həyata keçirə biləcəklərini demişdi.

Rubiodan dəstək

ABŞ Dövlət katibi Marko Rubio Trampın Kubaya yanaşmasını dəstəkləyərək, adanın sosialist rəhbərliyi ilə razılaşma ehtimalına şübhə ilə yanaşdıqlarını bildirib. Kubalı mühacir ailəsindən olan Rubio yeni sanksiyaların tətbiqini müdafiə edib.

Rubionun dəstəklədiyi sanksiyalar arasında Kuba İnqilabçı Silahlı Qüvvələrinin nəzarətində olan "Grupo de Administracion Empresarial SA” adlı kommersiya holdinqinə qarşı tədbirlər də yer alır. ABŞ-ın daha əvvəl Sudan, Zimbabve və Venesuela kimi ölkələrin liderlərinə qarşı da sanksiyalar tətbiq etdiyi xatırladılır.

Aydın
--> -->