İdman 15:02 23.10.2023

Acun Ilıcalı "Turan Tovuz" rəhbərliyi ilə görüşdü

Türkiyənin məşhur siması, aparıcı, eyni zamanda iş adamı Acun Ilıcalı "Turan Tovuz"un baş sponsoru "Huner Group”un qonağı olub.
 
Qaynarinfo-nun klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Ilıcalıya şirkət haqda ətraflı məlumat verilib. Daha sonra işgüzar görüş keçirilib. Görüşdə "Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev, əsas komandanın baş məşqçisi Ayxan Abbasov, klubun direktorları Əli Balakişiyev, Nadir Nəbiyev və Səməd Nəsibov iştirak ediblər.
 
Görüşdə Tovuz təmsilçisi ilə Acun Ilıcalının sahibi olduğu "Hall Siti” arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub. Təklifləri müsbət dəyərləndirən qonaq yaxın gələcəkdə hər iki klubun bütün sahələrdə mümkün əməkdaşlığından məmnun olacağını bildirib. İlkin razılığa əsasən klubun əməkdaşları, məşqçi və  futbolçu heyəti "Hall Siti”nin iş prinsiplərini öyrənmək və təcrübələrini artırmaq üçün İngiltərədə klubun düşərgəsində təcrübə keçəcəklər.
 
Sonda Acun Ilıcalıya klubun rəhbəri Ehtiram Quliyev tərəfindən komandanın 10 nömrəli forması hədiyyə olunub.
 
Səbuhi Həsənov