XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu
Ekonomiks13:00 22.09.2026

"CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu

Bakı Kommersiya Məhkəməsi "MF SET GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin brendi altında fəaliyyət göstərən “CHAI CITY Lounge and Tea House” restoranın icarə mübahisəsi ilə bağlı qərar qəbul edilib.

Qaynarinfo-nun əldə etdiyi məhkəmə sənədinə görə, mübahisə 808 kvadratmetr sahəsi olan qeyri-yaşayış obyektinin icarəsi ilə bağlı yaranıb.

İş materiallarına görə, tərəflər arasında 2024-cü ildə icarə müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, obyekt 5 il, yəni 60 ay müddətinə icarəyə verilib. Şirkət həmin məkanda restoran yaratmaq üçün əsaslı təmir və yenidənqurma işləri aparıb.

Şirkət iddia edir ki, obyektə ümumilikdə 710 281,20 manat investisiya qoyub.

Məhkəmə sənədində göstərilir ki, tərəflər arasında bağlanan müqavilənin 6.2-ci bəndində icarəçinin obyektə 300 min manat vəsait xərclədiyi qeyd olunub. Həmin bəndə əsasən, yalnız icarəçi obyekti könüllü şəkildə tərk edərsə, təmir-tikinti işlərinə sərf olunan vəsaitin geri qaytarılmayacağı nəzərdə tutulub.

İş materiallarına əsasən, obyektin sahibi Zeynalov Gülbala Əli oğlu daha əvvəl icarəçiyə qarşı məhkəməyə müraciət edib.

Həmin iş üzrə icarə müqaviləsinin ləğvi, şirkətin 808 kvadratmetrlik qeyri-yaşayış sahəsindən çıxarılması və obyektin boşaldılaraq sahibinə təhvil verilməsi barədə qərar qəbul edilib.

Bundan başqa, şirkətdən 169 447 manat icarə haqqı və 8 min manat cərimə, ümumilikdə 177 447 manat tutulması qət edilib.

Qətnaməyə əsasən, obyektin boşaldılacağı tarixədək şirkətdən hər ay 17 444,72 manat icarə haqqının tutulması da nəzərdə tutulub.

Hazırkı mübahisədə isə şirkət obyektə yatırdığı investisiyaların kompensasiyasını tələb edir.

Bundan əlavə, şirkətin məhkəməyə təqdim etdiyi mövqeyə görə, sonradan obyektin elektrik enerjisi də dayandırılıb. Nəticədə “Chaicity” restoranının fəaliyyəti faktiki olaraq dayanıb.

Məhkəmə sənədində bu hallar şirkətin iddiaları kimi əks olunub.

Şirkət hesab edir ki, icarə müqaviləsinin vaxtından əvvəl ləğv olunması nəticəsində obyektə qoyduğu böyük həcmli investisiyalardan istifadə imkanını itirib.

Bu səbəbdən Zeynalov Gülbala Əli oğlundan 710 281,20 manat tələb olunur.

Məhkəmə əmlakların bir hissəsinə qadağa qoydu

Şirkət iddianın gələcəkdə təmin olunacağı halda qətnamənin icrasının mümkün olması üçün Zeynalov Gülbala Əli oğlunun bir sıra əmlaklarına müvəqqəti təminat tədbiri tətbiq edilməsini istəyib.

Məhkəmə isə ərizəni qismən təmin edib.

Hakim İlkin Əliyevin qərardadına əsasən, Zeynalov Gülbala Əli oğluna məxsus aşağıdakı əmlakların özgəninkiləşdirilməsi qadağan edilib:

  • X1 markalı avtomobil;

  • Land Rover Range Rover markalı avtomobil;

  • DAF FT XF markalı yük avtomobili;

  • 116,68 kvadratmetr sahəsi olan mənzil.

Məhkəmə hesab edib ki, həmin əmlakların satılması və ya başqa formada özgəninkiləşdirilməsi gələcəkdə iddia təmin edilərsə, qətnamənin icrasını çətinləşdirə bilər.

Eyni zamanda, məhkəmə şirkətin tələb etdiyi bütün əmlaklara qadağa qoymayıb. Qərardadda digər əmlakların özgəninkiləşdirilməsinə qadağa qoyulmasının cavabdehin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb ola biləcəyi bildirilib.

Məhkəmə həmçinin vurğulayıb ki, şirkətin 710 281,20 manat xərc çəkdiyinə dair təqdim etdiyi hesabata əlavə olaraq digər mötəbər sübutlar tələb olunur. Fotoşəkillər obyektə təmir işlərinin aparıldığını göstərsə də, konkret olaraq 710 min manatdan çox xərc çəkilməsini təkbaşına təsdiqləmir.

Beləliklə, məhkəmə əsas mübahisə üzrə yekun qərar qəbul edilməzdən əvvəl cavabdehin üç avtomobili və mənzilinin özgəninkiləşdirilməsinə qadağa qoyub.

Qərardad dərhal icra edilməlidir.

Tərəflər qərardad rəsmi qaydada təqdim edildikdən sonra 10 gün ərzində Bakı Kommersiya Məhkəməsinə şikayət verə bilərlər. Şikayətin verilməsi qərardadın icrasını dayandırmır.

Qeyd edək ki, "MF SET GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əhmədov Nurlan Famil oğludur. Nizamnamə kapitalı 10 manat olan şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 24185.5 AZN vergi borcu var.

Aydın