Qaynarinfo.az saytı "Gizli Azərbaycan" adlı layihəsini davam etdirirr.
Layihənin məqsədi Azərbaycanın uzaq və yaxın tarixi ilə bağlı qaranlıq səhifələrə işıq tutmaq, mübahisəli məqamlara aydınlıq gətirməkdir.
Şair, araşdırmaçı publisist Elnur Astanbəylinin hazırladığı "Gizli Azərbaycan” başlıqlı bu silsilə yazılarda hər həftə keçmişimizlə bağlı doğru bilinən yanlışları, yanlış bildiyimiz doğruları yalnız və yalnız tarixi sənədlərin, mötəbər qaynaqların köməyi ilə gözdən keçirəcəyik.
Tariximizlə bağlı qeyd-şərtsiz həqiqət kimi qəbul etdiyimiz hansı hadisələr əslində mif, mif kimi qəbul etdiyimiz nələr əslində həqiqətdir?
Layihə çərçivəsində növbəti yazını təqdim edirik:
Pişəvərinin ölümü: qəza, yoxsa sui-qəsd? (“Gizli Azərbaycan”)
Elnur Astanbəyli
Birinci hissə
1
Təlatümlərlə, təbəddülatlarla dolu XX yüzilliyin çoxsaylı cavabsız suallarından biri də budur: qəzadır, yoxsa sui-qəsd? Bu sualın ortaya çıxması səbəbsiz deyil. Ötən əsrin bir çox məşhur siması müəmmalı şəraitdə, ilk baxışdan təyyarə, yaxud avtomobil qəzasında ölüb, lakin həmin ölümlər uzun müddət mübahisə və müzakirə mövzusu olaraq qalıb, hətta onlardan bəziləri günümüzdə belə üzərindəki sirr pərdəsinin qaldırılmasını gözləyir.
Bunlardan ən məşhuru BMT-nin sayca ikinci baş katibi Daq Hammarşeldin ölümüdür. O, 1961-ci il sentyabrın 17-də sülh danışıqları üçün Afrikaya yola düşür, lakin sentyabrın 17-dən 18-nə keçən gecə baş katibin olduğu təyyarə Şimali Rodeziya (indiki Zambiya) səmasında qəzaya uğrayır. İlkin istintaqda qəzaya pilot səhvinin səbəb ola biləcəyi əsas versiya kimi götürülür. Lakin 1962-ci ildə BMT-nin yaratdığı xüsusi komissiya qəzanın xarici müdaxilə və sabotaj səbəbindən baş verməsinin mümkün olduğu qənaətinə gəlir. Daha maraqlısı odur ki, BMT sonrakı onilliklərdə qəzanın araşdırılmasını davam etdirib, nəticədə 2017-ci ildə hazırlanan ekspert hesabatında xarici müdaxilə və sabotaj versiyası ən güclü variantlardan biri kimi önə çıxıb.
2024-cü ildə isə BMT qəza ilə bağlı yeni bilgilərin əldə edildiyini açıqlayıb, bu dəfə də qəzanın əslində sui-qəsd olması ehtimalına diqqət çəkilib. Bununla belə, digər versiyalar (pilot səhvi və s.) istisna edilməyib.
Yaxud 1986-cı il oktyabrın 19-da Mozambik prezidenti Samora Maşel təyyarə qəzasında öldü. Təyyarə Cənubi Afrikanın sərhədi yaxınlığında dağa çırpılmışdı. Elə ilk gündən bunun adi qəza olmadığına dair iddialar ortaya atıldı: Mozambik hökuməti hadisədə Cənubi Afrika Respublikasını günahlandırdı. İddiaya görə, CAR-ın aparteid rejimi özünə siyasi rəqib olaraq gördüyü Maşeli gizli müdaxilə ilə faktiki olaraq aradan götürmüşdü. Bildirilirdi ki, saxta radio siqnalı ilə təyyarənin istiqaməti dəyişdirilib. Qarşı tərəf isə sui-qəsd ittihamını rədd etmişdi. Bu, Cənubi Afrika hökumətinin mövqeyi ilə üst-üstə düşürdü. Çünki CAR da məsuliyyəti təyyarəni idarə edən sovet pilotlarında axtarmışdı. Sovet nümayəndələri isə qəzanın diversiya hücumu nəticəsində baş verdiyinə dair Mozambik hökumətinin ilkin rəyini bölüşürdülər. Çox sonralar – 2004-cü ildə vaxtilə CAR-ın xüsusi xidmət orqanlarında çalışmış Lou sensasiyalı açıqlama ilə çıxış etdi: Maşelin ölümündə Cənubi Afrika hökumətinin və bu ölkənin o vaxtkı prezidenti Botanın birbaşa aidiyyəti olduğunu bildirdi. Lounun sözlərinə görə, Maşel təyyarə qəzasından sonra hələ də sağ idi və ona vurulan iynədən sonra ölmüşdü.
Mozambikin keçmiş dövlət təhlükəsizliyi naziri Jasintu Velosu isə öz xatirələrində Maşelin ölümündə SSRİ rəhbərliyinin də iştirakını istisna etməyib. Velosunun fikrincə, Samora “sovet düşərgəsinə xəyanət etmiş”, “iqtisadiyyatın və cəmiyyətin liberallaşdırılması” yolunu seçmiş, elə buna görə də Moskva tərəfindən cəzalandırılmışdı.

İstənilən halda, 40 ildir ki, Maşelin ölümü ətrafında mübahisələr səngimir və onun adi bir qəzada öldüyü, yoxsa sui-qəsd nəticəsində öldürüldüyü qaranlıq qalır. Hətta Ceykob Zuma 2009-cu ildə CAR prezidenti seçilərkən bununla bağlı yeni və hərtərəfli araşdırma aparılacağına söz versə də...
Maşelin şübhəli ölümündən cəmi iki il sonra, 1988-ci il avqustun 27-də bu dəfə Pakistan prezidenti general Ziyaülhəqqi daşıyan C-130 təyyarəsi havaya qalxdıqdan bir qədər sonra qəzaya uğradı. Prezidentlə birlikdə ABŞ-nin Pakistandakı səfiri və yüksək rütbəli pakistanlı hərbçilər də öldü.
Qəzanın səbəbi indiyədək tam müəyyənləşdirilməyib. Versiyalar arasında mexaniki nasazlıq, ekipaj xətası ilə yanaşı, xarici müdaxilə və sabotaj, hətta kimyəvi maddə ilə zəhərlənmə var. ABŞ və Pakistan hökumətlərinin çoxillik araşdırmalarından konkret nəticə əldə olunmadı, bununla da Ziyaülhəqqin ölümü ilə nəticələnən bu hadisə tarixə ən mübahisəli və müəmmalı təyyarə qəzalarından biri kimi düşdü.
(Maraq üçün deyək ki, Ziyaülhəqq 1977-ci ildə hərbi çevriliş edərkən Pakistanın o vaxtkı seçilmiş baş naziri Zülfiqar Əli Bhuttonu hakimiyyətdən uzaqlaşdırmış, iki il sonra isə onu edam etdirmişdi. İqtidarı ələ keçirdikdən sonra ölkədə şəriət rejimi elan edən Ziyaülhəqqin müəmmalı ölümündən sonra isə Zülfiqar Əli Bhuttonun qızı Bənazir Bhuttonun hakimiyyətə yolu açılmış və o, seçkilərdə qalib gələrək ölkənin yeni baş naziri olmuşdu.
Daha bir maraqlı məqam: illər keçəcək və Bənazir Bhutto da sui-qəsdə qurban gedəcəkdi – 2007-ci il oktyabrın 18-də baş tutan qanlı terror aktında yüzlərlə insan ölsə və yaralansa da, o, sağ qalacaq, lakin təxminən iki ay sonra baş verən ikinci terror aktında həlak olacaqdı).
XX yüzilliyin sonlarında isə beynəlxalq aləmdə ciddi rezonans doğuran daha bir müəmmalı ölüm hadisəsi baş verdi: 1999-cu ildə Ukraynanın müxalifət lideri və prezidentliyə namizəd, zəngin tərcümeyi-hala malik siyasətçi Vyaçeslav Çernovolun da içərisində olduğu avtomobil yük maşını ilə toqquşdu. Qəzada Çernovolla köməkçisi Pavlov öldü. Ölkənin Daxili İşlər Nazirliyi hadisəni qəza kimi qiymətləndirdi. İlk dəfə 1991-ci ildə keçirilən seçkilərdə siyasi rəqib olduğu, ancaq rəsmi nəticələrə əsasən uduzduğu Leonid Kravçukla səkkiz il sonra yenidən prezidentlik yarışına çıxan Çernovolun ölümündə sui-qəsd ehtimalı isə illər uzunu gündəmdən düşmədi. 2005-ci ildə Ukraynadakı “narıncı inqilab”ın ardından hakimiyyətə gələn Viktor Yuşşenko 2006-cı ilin avqustunda Çernovolun heykəlinin açılış mərasimində onun ölümü ilə nəticələnən qəzanın yenidən araşdırılacağını açıqladı. Cəmi bir neçə həftə sonra isə Ukraynanın o vaxtkı daxili işlər naziri Yuri Lutsenko əslində Çernovolun sui-qəsdə qurban getdiyini və bunu sübut edən dəlillərin Ukrayna Baş Prokurorluğuna təhvil verildiyini bildirdi. Lakin günümüzdə belə, dəyişən heç nə yoxdur: mərhum siyasətçinin öldüyü, yoxsa öldürüldüyü barədə dəqiq nəticəyə gəlmək mümkün olmayıb.
Bu yazdıqlarımız XX yüzillikdə qəza, yoxsa sui-qəsd olduğu barədə sualların hələ də açıq qaldığı çoxsaylı hadisələrdən sadəcə bir neçəsidir. Həmin müəmmalar silsiləsində xüsusi yeri olan və bizə birbaşa dəxli çatan bir hadisə də var.
Biz indi həmin hadisə haqqında danışacağıq. Söhbət Güney Azərbaycanda 1945–1946-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətinin rəhbəri Seyid Cəfər Pişəvərinin şübhəli ölümündən gedir.
2
Pişəvərinin rəhbərliyi altında Güney Azərbaycanda qurulan Azərbaycan Milli Hökuməti 1946-cı ilin dekabrında süquta uğradı. Bundan sonra, 1947-ci ildən etibarən Pişəvəri və onun bəzi silahdaşları SSRİ-yə, Sovet Azərbaycanına köçmək məcburiyyətində qaldılar. Cəmi bir neçə ay sonra, 1947-ci ilin iyununda isə Pişəvəri avtomobil qəzasında həlak oldu. Həmin vaxtdan bir sual çoxlarını düşündürür: bu, adi qəza, yoxsa Seyid Cəfərə qarşı sui-qəsd idi?
Pişəvəri və Güney Azərbaycan demokratik hərəkatının liderləri Bakıda yerləşdikdən sonra yaranmış vəziyyətlə bağlı fəaliyyət proqramı haqqında təkliflərini hazırlayıb Sovet Azərbaycanının rəhbərlərinə verdilər. Onlar təklif edirdilər ki, mühacirət şəraitində Güney Azərbaycanın demokratik hərəkatının aparıcı qüvvəsinin – Azərbaycan Demokrat Firqəsinin (ADF) işini yenidən qurmaq üçün partiyanın 5–7 nəfərdən ibarət Xarici Bürosunu və ya Xarici Komitəsini yaratmaq yaxşı olardı. Bu büro və ya komitə Sovet tərəfinin müəyyənləşdirdiyi yerdə gizli fəaliyyət göstərməli idi. Komitə firqəyə sədaqətini qoruyub saxlamış əqidəli adamları öz ətrafında birləşdirib daimi fəaliyyət göstərən gizli bir təşkilata çevrilməli, Sovet Azərbaycanına mühacirət etmiş fəal adamları hazırlayıb siyasi iş üçün İrana göndərməli idi. Siyasi təbliğat materialları və tarixi ədəbiyyat nəşr edib gizli şəkildə Güney Azərbaycanda və digər yerlərdə yaymaq da komitə, yaxud büronun fəaliyyət sahəsinə daxil olacaqdı. İrana proqramlar yayan radiostansiyanın işinə rəhbərlik etmək də komitənin öhdəsinə verilirdi. Təklif müəlliflərinin fikrincə, irtica Güney Azərbaycanda öz azğınlığını dayandırmasa, SSRİ-yə mühacirət etmiş fədailərdən ibarət “zərbə qrupları”nın yaradılması və onların Güney Azərbaycana göndərilməsi zəruri idi. Nəhayət, onlar Güney Azərbaycanda qalmış demokratlara, irticaya qarşı mübarizədə həlak olmuş fəalların və Sovetlərə mühacirət edənlərin ailələrinə maddi yardım göstərmək üçün Təbrizdə gizli partiya fondunun yaradılmasını vacib sayırdılar.

Xarici büronun digər vəzifəsi xalqın və partiya üzvlərinin arasında siyasi tərbiyə işini genişləndirib onları mübarizəyə hazırlamaq idi. Bu məqsədlə büro milli-siyasi ədəbiyyatın yaradılmasını, həftədə iki dəfə “Azərbaycan” qəzetinin, ayda iki dəfə “Azərbaycan” jurnalının nəşrini əhəmiyyətli hesab edirdi. Sonda onlar bildirirdilər ki, bütün bu tədbirlər Sovet Azərbaycanının təcrübəsi və köməyindən yararlanmaqla həyata keçirilə bilər (Qaynaq: Cəmil Həsənli. Seyid Cəfər Pişəvəri. “Altun kitab” nəşriyyatı, Bakı–2025).
3
Pişəvəri və silahdaşlarının hazırladığı fəaliyyət proqramı 1947-ci ilin martında Sovet Azərbaycanının o vaxtkı rəhbəri Mir Cəfər Bağırov tərəfindən Moskvaya, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Vyaçeslav Molotova göndərildi.
Bundan başqa, Bakıya gəldikdən sonra Pişəvəri bir neçə dəfə yüksək vəzifəli Sovet rəhbərlərinə öz vədlərini xatırlatmışdı. Həmin vədlərə görə, Güney Azərbaycan mühacirləri Sovet Azərbaycanına müvəqqəti olaraq gəlmişdilər. Əlverişli məqam yetişən kimi onlar Cənuba qayıtmalı idilər.
Bütün bu təkliflər və tələblər, eləcə də həm Tehrandan, həm də Təbrizdən onun əleyhinə diplomatik kanallarla göndərilən materiallar Pişəvəriyə baha başa gəldi. Onu sakitləşdirmək məqsədilə 1947-ci ilin mayında guya fədailərin Cənubi Azərbaycana göndərilməsini təşkil etmək üçün xüsusi gizli komitə yaradıldı. Yeddi nəfərlik gizli komitədə (“Yeddilik”) heç kəs öz adı ilə fəaliyyət göstərmirdi. Orada Pişəvəri “Saib”, Kambəxş “Qudarz”, Qulam Yəhya “Ərbabzadə”, Qasimi “Cəlili”, Qureyşi “Hicazi”, Ənsari isə “Mühacir” gizli adları ilə təmsil olunurdular. Komitə üzvləri belə qərarlaşdırmışdılar ki, bütün sənəd və yazılarda öz adlarından yox, gizli adlardan istifadə edilsin.
İlk növbədə, İrana göndərmək üçün hər biri 75 nəfərdən ibarət üç süvari dəstəsi hazırlanacaqdı. Dəstə üzvləri seçilərkən yerli şəraiti bilənlərə və yaxın qohumları İran irticası tərəfindən öldürülmüş şəxslərə üstünlük verilirdi. Hərbi hazırlıq keçmələri üçün onların Nuxa (Şəki) və Hacıkənddə yerləşdirilməsi uyğun bilinmişdi. Ərbabzadə – Qulam Yəhya iyunun 2-dən gec olmayaraq gedib həmin düşərgələri fədailərin gəlişi üçün hazırlamalı və bütün dəstələr təlimatı yalnız ondan almalı idilər. Bakı Hərbi Məktəbində oxuyan bir neçə etibarlı şəxsin də dəstələrin tərkibinə daxil edilməsi məqsədəuyğun sayılmışdı. Partizan dəstələri üçün adamların seçilməsi Saibə (Pişəvəriyə) və Ərbabzadəyə (Qulam Yəhyaya) tapşırılmışdı (Qaynaq: C. Həsənli, yenə orada).
4
Saibin sədrliyi ilə iyunun 23-də “Yeddiliyin” toplantısı keçirildi və hədəflər daha da dəqiqləşdirildi. Dəstələrdən birinin iyulun 2-də, digərinin isə iyulun 4-də yola salınması planlaşdırıldı. İyulun 2-nə qədər “Yeddilik” bütün hazırlıq işlərini başa çatdırmalı idi.
Əslində, o qədər də böyük olmayan bu dəstələrlə İran ordusu, polisi və jandarmının möhkəmləndiyi Cənubi Azərbaycanda nəyəsə nail olmaq real deyildi. Lakin az sonra aydınlaşdı ki, bütün bu “hazırlıq” işləri İranda partizan hərəkatı aparmaq üçün deyil, Moskvanın tapşırığı ilə Pişəvərini aradan götürmək üçün lazım idi.
İyulun 3-də Yevlax–Gəncə yolunun 14-cü kilometrində Pişəvərinin maşını qəzaya “düşdü”. Bir neçə saat sonra o, Yevlax Rayon Mərkəzi Xəstəxanasında vəfat etdi. Pişəvərinin Bakıda dəfn olunmasına icazə verilmədi. Milli hərəkat liderini səssiz-küysüz, gecənin bir vaxtı Buzovnadakı Vərəm Əleyhinə Dispanserin həyətində basdırdılar. Hətta başdaşı qoymağa belə razılıq verilmədi. Məzarın itməsi üçün üzərində gül əkdilər. Yalnız 1959-cu ilin dekabrında Azərbaycan və Kürd Demokrat partiyalarının birgə müraciətindən bir neçə ay sonra – 1960-cı ilin martında, Azərbaycanda Sovet hakimiyyətinin 40 illiyi ərəfəsində Pişəvərinin cəsədinin qalıqlarını gətirib Fəxri xiyabanda yenidən dəfn etdilər.
Pişəvərinin vəfatından sonra bir müddət “Yeddiliyin” toplantıları keçirilmədi. Yalnız iki ay sonra – avqustun 23-də keçirilən iclasda Pişəvərinin partiya vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında vəfat etdiyi bildirildi və onun keçdiyi həyat yolu haqqında qısa məlumat verildi. Toplantıda Pişəvərinin əvəzinə Sadıq Badeqan (gizli adı ilə “Səbri”) “Yeddiliyə” əlavə edildi. Lakin bir neçə toplantıdan sonra “Yeddilik” buraxıldı. Bu isə hər şeyin, əslində, Pişəvərinin aradan götürülməsi üçün planlaşdırıldığını təsdiqləyir. Plan baş tutmuşdu və gizli komitəyə ehtiyac qalmamışdı...

1956-cı ildə Bakıda keçirilən Mir Cəfər Bağırovun məhkəməsində Pişəvərinin müəmmalı ölümü gündəmə gəldi. Belə ki, Bağırova qarşı irəli sürülən ittihamlardan biri məhz bu hadisə ilə bağlı idi. Hətta son anlarında Yevlax xəstəxanasında Pişəvərinin yanında olmuş DTK-nın rayon şöbəsinin rəisi Lətif Salahov şahid kimi istintaqa cəlb edilmiş və ondan ifadə alınmışdı. Məhkəmə prosesində isə dövlət ittihamçısı Pişəvərinin ölümünə dair Bağırova yönəldilən suala qısaca cavab verdi: “Bu barədə Moskvadakı yoldaşlardan soruşun”. Lakin Bağırov son sözündə Pişəvərinin məhz Stalinin tapşırığı ilə sui-qəsd nəticəsində öldürüldüyünü etiraf etdi (Qaynaq: C. Həsənli, yenə orada).
5
Lakin bu etirafa baxmayaraq, rus-sovet mənbələri uzun müddət Pişəvərinin ölümündən yalnız adi avtomobil qəzası kimi söz açırdılar.
Düzdür, Mixail Sergeyeviç İvanovun “Очерк истории Ирана” adlı, öz dövrü üçün populyar olan əsərində sadəcə bu ehtimaldan bəhs edilməsini anlamaq mümkündür; əsər Stalinin hakimiyyəti vaxtında – 1952-ci ildə işıq üzü görmüşdü. Lakin sonrakı illərdə eyni tendensiyanın davam etməsi anlaşılmazdır. Məsələn, “Новейшая история стран зарубежной Азии и Африки” (Leninqrad, 1963) kitabında, eləcə də çoxsaylı digər rus-sovet araşdırmalarında sadəcə rəsmi versiya ilə kifayətlənilir.
Yalnız son onilliklərdə həmin baxış dəyişməyə başlayıb. Məsələn, Aleksandr Okorokov adlı müəllifin “Секретные войны Советского Союза. Первая полная энциклопедия” əsərində də Pişəvərinin qəzada həlak olmasından “şübhəli ölüm” kimi bəhs edilir, lakin təfərrüatlara varılmır.
Lakin özünü sovet hərbi əks-kəşfiyyatının əməkdaşı kimi təqdim edən, Azərbaycan SSR daxili işlər naziri (1953–1954) və Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1954–1956) vəzifələrində də işləmiş Anatoli Quskovun xatirələrində məlum mövzuda kifayət qədər maraqlı detallar yer alır. Onun 2004-cü ildə Moskvada işıq üzü görmüş memuarının (“Под грифом правды: исповедь военного контрразведчика: люди, факты, спецоперации”) 210–211-ci səhifələrində yazılanları belə ümumiləşdirə bilərik:
– Pişəvəri avtomobildə ön oturacaqda, sürücünün yanında oturmuşdu.
– Avtomobildə onunla birlikdə Azərbaycan SSR dövlət təhlükəsizliyi nazirinin müavini Nuri Həsən oğlu Quliyev də vardı.
– Maşın, demək olar ki, boş yolda dirəyə çırpılıb.
– Quliyev ayaqlarından xəsarət alıb, sürücü isə daha yüngül xəsarətlərlə qurtulub.
– Pişəvərinin başı ön şüşəyə dəyib və o, hadisə yerindəcə ölüb.
– Hadisənin araşdırılması üçün Moskvadan SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin istintaq-operativ qrupu göndərilib. Qrupa E. P. Pitovranov rəhbərlik edib.

– Maraqlıdır ki, araşdırmanın ilkin versiyası sürücünün Pişəvərini xarici kəşfiyyatın tapşırığı ilə qəsdən öldürməsi olub.
– Sürücünün avtomobili sağ zolaqdan sol, yəni qarşıdan gələn zolağa keçirməsi istintaq üçün şübhəli məqam sayılıb.
– Sürücü hadisədən əvvəl gecə, demək olar ki, yatmadığını və sükan arxasında mürgülədiyini bildirib.
– Lakin Quskov qeyd edir ki, bu versiyanı təsdiq və ya təkzib etmək üçün lazımi ekspertiza aparılmayıb.
– Sürücü sonradan günahını boynuna alıb və 15 il həbs cəzasına məhkum edilib.
– Həbsdə olarkən isə istintaq zamanı döyüldüyünü və buna görə məcburi etiraf verdiyini bildirən şikayətlər yazıb.
– Quskovun fikrincə, bu şikayətlər ətraflı araşdırılmayıb.
– Nuri Quliyevə isə istintaqda hər hansı ittiham irəli sürülməyib və o, sonradan təhlükəsizlik orqanlarında fəaliyyətini davam etdirib.
Qərb tədqiqatçılarına gəlincə, onların çoxu Pişəvərinin adi avtomobil qəzasının qurbanı olmasından çox, sui-qəsdə qurban getməsi yönündəki iddiaları inandırıcı sayırlar. Məsələn, britaniyalı araşdırıcı Maykl Pay özünün 2015-ci ildəki doktorluq dissertasiyasında Rusiya Xarici İşlər Nazirliyinin arxiv materiallarına istinadla yazır ki, Moskva nüfuzdan düşmüş Azərbaycan Demokrat Partiyasını sıradan çıxarmaq üçün fəal addımlar atır, İranda öz maraqlarını daha da gücləndirmək üçün Tudə Partiyasına yönəlirdi; müəllifin fikrincə, Moskvanın siyasi planlarındakı bu aşkar dəyişiklik fonunda “tamamilə əsassız görünməyən belə bir fikir irəli sürülmüşdür ki, Pişəvərinin 1947-ci ilin iyununda Sovet Azərbaycanının ərazisində baş verdiyi bildirilən ‘yol qəzası’ nəticəsində qəfil ölümü” SSRİ-nin gizli xidmət orqanı tərəfindən təşkil edilmişdi.
“Bunu təsdiqləmək mümkün olmasa da, şübhəsiz ki, Pişəvərinin İran Azərbaycanına müdaxilə etmək məqsədilə öz qüvvələrini yenidən toplamaq istiqamətində apardığı fəal hazırlıqlar – avtomobil qəzası baş verən zaman onun məhz bununla məşğul olduğu bildirilir – Sovet rəhbərliyinin başlıca məqsədi baxımından arzuolunmaz idi. Həmin başlıca məqsəd isə... cənub sərhədlərində sabitliyi təmin etmək və ABŞ-nin (bölgədə) uzunmüddətli hərbi mövcudluğunun qalmasına əlavə əsas verə biləcək addımlardan yayınmaq idi”, – M. Pay əlavə edir (Qaynaq: Michael Pye, Soviet-Iranian Relations During the Reign of Mohammad Reza Pahlavi (“Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə Sovet-İran münasibətləri”), research-repository.st-andrews.ac.uk, səh. 62–63).
Başqa bir müəllif – Məhəmməd Əli Geranmayeh isə özünün “İranda solçu siyasi partiyaların üç nəsli...” (orijinalda tam adı: Three Generations of Leftist Political Parties in Iran: A History of Repression, Foreign Imperialism, and Khomeinist Manipulation, 1992, discovery.ucl.ac.uk) adlı irihəcmli tədqiqatında (səh. 703–704) açıq şəkildə Pişəvərinin öldürüldüyünü vurğulayır. O yazır ki, Seyid Cəfərin “taleyi NKVD üslubunda təşkil edilmiş avtomobil qəzası ilə müəyyənləşdirildi. Hadisə Pişəvəri Qulam Yəhya və Quliyevin müşayiəti ilə ADP-nin qaçqın düşərgəsinə baş çəkmək üçün Kirovabada (indiki Gəncə) gedərkən baş vermişdi... Tehranda belə məlumat yayılmışdı ki, İran hökuməti 1947-ci ilin sentyabrında Pişəvərinin ekstradisiyası üçün SSRİ-yə müraciət etdikdə, Sovet hökuməti onun Bakıda avtomobil qəzasında həlak olduğunu bildirmişdi”.
Azərbaycan, müasir rus və Qərb tarixşünaslığında Pişəvərinin öldüyü qəzanın əslində bir sui-qəsd olduğuna inam güclüdür. Lakin məsələ sadəcə inamla bitmir, bu müəmmanı tamamilə aradan qaldırmaq üçün araşdırmaların dərinləşdirilməsinə və genişləndirilməsinə ehtiyac var. Unutmayaq ki, Pişəvərinin ölümünə dair şübhələrə konkret və təkzibedilməz dəlillərlə aydınlıq gətirilməsi daim qaynar qazanı xatırladan böyük bir coğrafiyanın yalnız keçmişi ilə deyil, həm də gələcəyi ilə bağlı ciddi ipucları verərdi...
P.S. Burada Pişəvərinin müəmmalı ölümü ilə bağlı araşdırmamızın sadəcə ilk hissəsi başa çatır.
Araşdırmamızın ikinci hissəsində bu ölümün ardından yaranan başqa suallara da cavab axtaracağıq:
– Pişəvərinin ölümü ilə nəticələnən qəzada ermənilərin iştirakı olubmu?
– Pişəvəri qəzadan sağ çıxıb, ancaq xəstəxanada zəhərlənərək öldürülüb?
– Qəzadan sonra Pişəvəri ilə eyni avtomobildə olan şəxs mükafatlandırılıb?
Növbəti yazını gözləyin...
Şərhlər