"Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə Departamentinin Hacıqabul rayon mühafizə bölməsinin sabiq rəisi ilə bağlı cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar ləğv olunub və materiallar əlavə araşdırma üçün geri qaytarılıb.
Qaynarinfo-nun məlumatına görə, QSC-nin Hacıqabul rayon mühafizə bölməsinin sabiq rəisi Emil Hüseynov bir müddət əvvəl vəzifəsindən azad edilib.
İddialara görə, onun işdən çıxarılmasına səbəb mühafizə xidmətinə işə düzəltmək vədi ilə müxtəlif şəxslərdən pul alması olub. Bildirilir ki, o, A.N. adlı şəxsdən 6 min manat alaraq həmin şəxsin Mühafizə Departamentinin Şirvan filialına işə qəbuluna köməklik göstərib.
Məlumata görə, iş yeri yaşayış yerindən uzaq olduğu üçün A.N. əvvəlcədən razılaşdırıldıqları kimi Emil Hüseynovdan iş yerinin yaşayış yerinə yaxın əraziyə dəyişdirilməsini istəyib. İddialara əsasən, sabiq rəis bunun müqabilində ondan əlavə 1000 manat tələb edib.
Bundan narazı qalan A.N. hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin Emil Hüseynov barəsində cinayət işinin başlanılması rədd olunub.
A.N. həmin qərardan məhkəməyə şikayət verib.
Məhkəmənin qərarı ilə şikayət təmin edilib. Emil Hüseynov barəsində **2026-cı ildə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında** qərar ləğv olunub. Toplanmış materiallar hərtərəfli və obyektiv əlavə araşdırmanın aparılması üçün aidiyyəti orqana göndərilib.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə Departamentinin rəisi Tikrar Stanbul oğlu Quliyevdir.
Aydın
Şərhlər