Təyyarə ilə uçmaq qorxusu təxminən hər altı nəfərdən birinə təsir edir. Lakin yeni araşdırma göstərir ki, real risklər çox vaxt insanların təsəvvür etdiyi risklərlə üst-üstə düşmür. Motosiklet sürmək kommersiya uçuşu ilə müqayisədə 22 mindən çox, paraşütlə tullanmaq isə 422 dəfə daha yüksək ölüm riski daşıyır.
Qaynarinfo xəbər verir ki, təyyarə səyahəti bir çox insan üçün narahatedici olsa da, statistika gündəlik həyatda qarşılaşılan bir çox fəaliyyətin daha yüksək ölüm riski daşıdığını göstərir. Embri-Riddl Aviasiya Universitetində aparılan yeni araşdırma xüsusilə avtomobil nəqliyyatı ilə kommersiya aviasiyası arasındakı fərqin olduqca böyük olduğunu ortaya qoyub.
2016–2025-ci illər arasında ABŞ-ın kommersiya aviasiyası ilə bağlı məlumatlarını araşdıran tədqiqatçılar qət edilən məsafə əsasında avtomobil və ya yük maşını ilə səyahət zamanı ölüm riskinin kommersiya uçuşu ilə müqayisədə 626 dəfə yüksək olduğunu hesablayıblar.
Araşdırmada müxtəlif nəqliyyat vasitələri də kommersiya aviaşirkətləri ilə müqayisə edilib. Buna görə motosiklet sürərkən ölüm riski uçuşla müqayisədə 22 mindən çox artır. Hətta avtobusla səyahət zamanı belə riskin kommersiya aviasiyası ilə müqayisədə təxminən 9 dəfə yüksək olduğu bildirilib.
Müqayisə yalnız nəqliyyat vasitələri ilə məhdudlaşmayıb. Xizək sürmək və snoubord kommersiya uçuşu ilə müqayisədə 73 dəfə, akvalanqla dalış 180 dəfə, marafon qaçışı 202 dəfə, paraşütlə tullanmaq isə 422 dəfə daha yüksək ölüm riski daşıyır.
Tədqiqatçılar qeyd edirlər ki, təyyarə qəzalarının nadir baş verməsinə baxmayaraq mediada geniş işıqlandırılması insanların risk qavrayışına təsir göstərə bilər. Bunun əksinə olaraq, daha tez-tez baş verən yol qəzaları və gündəlik fəaliyyətlərdəki təhlükələr eyni dərəcədə yadda qalmaya bilər.
İldırım vurması belə daha risklidir
Araşdırmada daha qeyri-adi bəzi ölüm səbəbləri ilə də müqayisə aparılıb. Məlumatlara görə, ildırım vurması nəticəsində həyatını itirmək ehtimalı kommersiya uçuşu ilə müqayisədə təxminən 3 dəfə yüksəkdir. İt dişləməsi nəticəsində ölüm riski 8 dəfə, güclü fırtına zamanı həyatını itirmək ehtimalı isə 16 dəfə daha yüksək hesablanıb.
Uçuş qorxusunun təxminən hər altı nəfərdən birinə təsir etdiyinə diqqət çəkən tədqiqatçılar bu göstəricilərin insanların qəbul etdiyi risklə statistik risk arasındakı fərqi ortaya qoyduğunu bildiriblər.
Sərt nəzarət, standartlaşdırılmış prosedurlar və yüksək təhlükəsizlik tələbləri sayəsində müasir kommersiya aviasiyası ən aşağı riskli nəqliyyat vasitələrindən biri olaraq qalır.
Aydın
Şərhlər