Xəbər lenti

Aİ-dəki hava limanları yeni sərhəd nəzarəti qaydalarına görə həyəcan təbili çalır
Dünya 18:34 12.01.2026

Aİ-dəki hava limanları yeni sərhəd nəzarəti qaydalarına görə həyəcan təbili çalır

Avropada hava limanları ilə Avropa Komissiyası arasında yeni Giriş/Çıxış Sistemi (EES) səbəbindən münaqişə kəskinləşib. Bu sistem AB xaricindəki ölkələrdən gələn daha çox sərnişinin məcburi elektron identifikasiyasını nəzərdə tutur.

Qaynarinfo "Politico”ya istinadla yazır ki, yanvarın 9-dan etibarən Şengen zonasına qısamüddətli səfər edən və Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşlarının azı 35%-i yeni prosedurdan keçməlidir. Belə ki, onlar sərhədi ilk dəfə keçərkən barmaq izlərini və üz şəkillərini qeydiyyatdan keçirməlidirlər. Əvvəllər bu göstərici cəmi 10% idi. Sistemin tam şəkildə işə düşməsi aprelin 10-na planlaşdırılıb.

Bu qərarın əleyhdarları xəbərdarlıq edirlər ki, yeni tələblər "səyahətçilər üçün ciddi narahatlıq" yarada bilər. "ACI Europe"un baş direktoru Olivye Yankovets qeyd edib ki, EES-in tətbiqi artıq sərhəd nəzarətindən keçmə müddətinin 70% artmasına səbəb olub, pik saatlarda isə gözləmə müddəti 3 saata çata bilər. Onun sözlərinə görə, yanvarın 9-da qüvvəyə minən yeni sərəncam "daha da pis şərait yaradacaq".

Bənzər problemlər hava limanlarının özləri tərəfindən də qeydə alınır. Brüssel hava limanından bildirilib ki, EES-in tətbiqi gözləmə müddətinə təsir edir və əlavə personal tələb olunur. Lakin Avropa Komissiyası EES-in Avropa hava limanlarında xaosa səbəb olması ilə bağlı ittihamları rədd edib.

"Sistem işə düşdüyü andan etibarən, hətta məzuniyyət dövrünün pik vaxtlarında belə, əsasən problemsiz işləyib və yeni sistemlər üçün xarakterik olan hər hansı ilkin problemlər effektiv şəkildə həll edilib. Bundan əlavə, onun sayəsində biz kimin, nə vaxt və hara daxil olduğunu bilirik", — deyə daxili işlər üzrə sözçü Markus Lammert bildirib.

Onun sözlərinə görə, üzv ölkələr növbələrin kütləvi artımı ilə bağlı iddiaları təkzib ediblər, yeni limitlə bağlı narahatlıqlar isə "təsdiqini tapmayıb".

Buna baxmayaraq, Komissiyanın mövqeyi sənaye sahəsinin qiymətləndirmələri ilə kəskin ziddiyyət təşkil edir. Sənaye nümayəndələri Portuqaliyanı nümunə gətiriblər; orada hökumət dekabrın sonunda Lissabon hava limanında EES-in fəaliyyətini müvəqqəti olaraq üç aylıq dayandırıb və sərhəddə nəzarəti gücləndirmək üçün hərbçiləri cəlb edib.

Həmçinin Romadakı Fiumicino hava limanının operatoru çox çətin əməliyyat şəraiti və sərhəd nəzarətində sərnişinlərin emal sürətinə mənfi təsir barədə məlumat verib.

İspaniyanın mehmanxana sənayesi assosiasiyası ölkənin Daxili İşlər Nazirliyinə müraciət edərək personalın sayının artırılmasını xahiş edib və sərhəd nəzarətində daimi tıxaclar barədə xəbərdarlıq edib. Eyni zamanda, İspaniya nazirliyi sistemin növbəsiz və ciddi insidentsiz işlədiyini iddia edir.
Lakin bütün hava limanları yeni sistemin tətbiqi ilə bağlı problem yaşamır. Fransanın Parisdəki iki ən böyük hava limanını idarə edən "ADP" qrupundan bildirilib ki, "hazırkı mərhələdə xaos və ya gözləmə müddətinin artması müşahidə olunmur".

Qeyd edək ki, Avropa İttifaqı sərhədkeçmə qaydalarını dəyişib və bu, pasportlarda ştampların ləğvini nəzərdə tutur. Bunun əvəzinə üzün skan edilməsi və barmaq izlərinin götürülməsi tətbiq edilir. Yeni sistemin tətbiqi bir neçə dəfə təxirə salınsa da, 2025-ci ilin sentyabrında Polşa bu proseduru test rejimində başlatdı. Buna görə də sərhədlərdə, xüsusən də Lvov vilayəti istiqamətində keçid zamanı nəhəng növbələr yarandı, tranzit sərnişinlər təyyarə və qatarlara gecikdiklərindən şikayətləndilər.

2025-ci ilin oktyabrından etibarən isə üzün skan edilməsi və barmaq izlərinin götürülməsini nəzərdə tutan prosedura bütün AB ölkələri qoşulmalı idi və bu, hər bir şəxs üçün giriş-çıxış zamanı daimi xarakter daşıyacaq.

Alpər
--> -->