Smartfonlardan uzun müddət və intensiv istifadə əllərdə ağrı və narahatlıq yarada bilər. Bəs bu vərdiş gələcəkdə daha ciddi problemlərəŞ məsələn, artritə səbəb ola bilərmi?
Qaynarinfo Today-a istinadən xəbər verir ki, amerikalı mütəxəssislər bildirir ki, gün ərzində uzun müddət mesaj yazmaq, ekranı sürüşdürmək və telefonu eyni vəziyyətdə saxlamaq əl və barmaq oynaqlarına əlavə yük yaradır. Bu isə xüsusilə fasilə verilmədikdə ağrı və diskomfortla nəticələnə bilər.
Artrit nədir və necə yaranır?
Artrit oynaqlarda ağrı, iltihab və hərəkət məhdudiyyəti ilə xarakterizə olunan xəstəliklər qrupudur. Əl oynaqları – barmaq buğumları və biləklə birləşən hissələr gündəlik fəaliyyətlərdə ən çox istifadə olunan sahələrdən biridir.
Mütəxəssis, revmatoloq Natalie Azar bildirir ki, təkrarlanan hərəkətlər birbaşa artrit yaratmır. Lakin bu cür hərəkətlər mövcud problemi daha da gücləndirə bilər.
Onun sözlərinə görə, artritin iki əsas növü var:
Degenerativ (osteoartrit) – oynaqların aşınması nəticəsində yaranır
İltihabi artrit – immun sisteminin oynaq toxumalarına hücumu ilə bağlıdır
Telefon istifadəsi hansı riskləri artırır?
Hazırda elmi sübut yoxdur ki, telefonla çox yazışmaq birbaşa artrit yaradır. Amma bu vərdiş aşağıdakı problemlərə səbəb ola bilər:
Baş barmaq vətərlərinin iltihabı (tendonit)
"Mesajlaşma baş barmağı” (texting thumb) sindromu
De Quervain tenosinoviti
Əldə ağrı, şişkinlik və hərəkət məhdudluğu
Bundan əlavə, "smartfon çeçəsi” kimi tanınan vəziyyət, yəni telefonun kiçik barmaq üzərində yaratdığı iz tibbi diaqnoz sayılmasa da, uzun müddətli istifadə nəticəsində yaranan müvəqqəti deformasiyadır.
"Text neck” – gizli təhlükə
Mütəxəssislər telefon istifadəsinin yalnız əllərə deyil, boyuna da təsir etdiyini vurğulayır. Davamlı şəkildə aşağı baxmaq boyun nahiyəsində gərginlik yaradır və "text neck” sindromuna səbəb ola bilər.
Ağrını necə azaltmaq olar?
Həkimlər əl və barmaq ağrılarının qarşısını almaq üçün bir neçə sadə tövsiyə verirlər:
Telefona tez-tez fasilə vermək
Mesaj yazarkən əlləri dəyişmək
Səsli mesaj və ya "voice-to-text” funksiyasından istifadə etmək
Telefonu fərqli üsullarla tutmaq
Zərurət olduqda buz kompresi və ağrıkəsicilərdən istifadə etmək
Baş barmaq üçün xüsusi şinlərdən istifadə etmək
Əgər ağrı uzun müddət davam edərsə, şişkinlik və ya hərəkət məhdudiyyəti yaranarsa, mütləq həkimə müraciət etmək tövsiyə olunur.
Mütəxəssislərin yekun qənaətinə görə, smartfonlardan həddindən artıq istifadə birbaşa artrit yaratmasa da, əllərdə və oynaqlarda müxtəlif problemləri gücləndirə bilər. Bu səbəbdə, vaxtaşırı telefondan uzaqlaşmaq və əllərə istirahət vermək sağlamlıq üçün vacib sayılır.
Günay
Şərhlər