Kopenhagen Universitetinin alimləri günəş yanıqlarının təbiəti ilə bağlı uzun illərdir qəbul edilən elmi baxışı dəyişən sensasion kəşf ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Earth.com” məlumat yayıb.
Məlum olub ki, ultrabənövşəyi şüalanmaya orqanizmin kəskin reaksiyası onilliklərdir dərsliklərdə yazılan mexanizmlə izah olunmur.
İndiyə qədər qəbul edilən fikir belə idi ki, günəş yanığı zamanı yaranan iltihab və hüceyrə ölümü DNT-nin zədələnməsi ilə bağlıdır. Lakin yeni tədqiqat göstərib ki, əsas "səbəbkar” RNT-dir – bədəndə zülalların qurulmasına kömək edən məlumat daşıyıcı molekul.
"Günəş yanığı DNT-ni zədələyir, bu da hüceyrə ölümü və iltihaba səbəb olur. Dərsliklər belə deyir. Amma bu araşdırmada biz təəccübləndik: kəskin reaksiyanı yaradan DNT deyil, RNT-nin zədələnməsidir”, deyə hüceyrə və molekulyar tibb kafedrasının dosenti Anna Konstans Vind bildirib.
Hüceyrələrdə "gözətçi” mexanizmi
Tədqiqatçılar bildirirlər ki, RNT ultrabənövşəyi işığa daha həssasdır və daha sürətlə reaksiya verir. Bu prosesdə ZAK-alfa adlı xüsusi zülal aşkarlanıb. O, sanki "gözətçi” kimi işləyir və RNT-də zədələnmə gördükdə dərhal siqnal göndərərək iltihab reaksiyasını işə salır.
Siçanlar və insan dəri hüceyrələri üzərində aparılan təcrübələr bu mexanizmi təsdiqləyib. Alimlər ZAK-alfa genini sıradan çıxardıqda, ultrabənövşəyi şüalanmaya qarşı tipik dəri reaksiyası demək olar ki, yox olub.
"Biz gördük ki, hüceyrələrin UV şüalanmadan sonra ilk reaksiyası RNT zədələnməsidir və məhz bu proses hüceyrə ölümü və iltihabı başladır”, deyə professor Simon Bekker-Yensen bildirib.
Yeni müalicə imkanları
Alimlər bu kəşfi elmdə "paradigma dəyişimi” kimi qiymətləndirirlər. Onların fikrincə, RNT-nin rolunun anlaşılması günəş yanıqlarının və hətta günəşlə bağlı ağırlaşan xroniki dəri xəstəliklərinin müalicəsində yeni üsulların hazırlanmasına yol aça bilər.
"Artıq dərslikləri yenidən yazmaq lazım olacaq”, deyə tədqiqatçılar vurğulayıb.
Aydın
Şərhlər