Son illərdə nağdsız ödənişlərin sürətlə yayılması "elektron pul” anlayışını gündəlik həyatın bir hissəsinə çevirib. Artıq insanlar alış-veriş, kommunal ödənişlər və digər maliyyə əməliyyatlarını daha çox rəqəmsal vasitələrlə həyata keçirirlər.
Bəs elektron pul nədir və adi puldan nə ilə fərqlənir?
Qaynarinfo Mərkəzi Banka istinadən xəbər veirr ki, elektron pul istifadəçinin əvvəlcədən ödədiyi və elektron formada saxlanılan, müxtəlif ödənişlərin həyata keçirilməsinə imkan verən vəsaitdir. Bu vəsait yalnız onu yaradan qurum tərəfindən deyil, eyni zamanda digər müəssisələr tərəfindən də ödəniş vasitəsi kimi qəbul olunur.
Elektron pul əsasən iki formada mövcuddur:
Şəbəkəyə əsaslanan elektron pul – istifadəçi internet və ya mobil tətbiq vasitəsilə hesabına daxil olaraq balansını artırır və ödənişlərini onlayn şəkildə həyata keçirir.
Karta əsaslanan elektron pul – plastik kart formasında təqdim olunur və həm öz şəbəkəsində, həm də digər ödəniş sistemlərində istifadə edilə bilir. Əvvəlcədən ödənilmiş kartlar bu kateqoriyaya daxildir.
Elektron pulun emissiyasını, yəni yaradılmasını banklar, elektron pul təşkilatları və milli poçt operatoru həyata keçirə bilər. Bu qurumlar "emitent” adlanır.
Elektron pul təşkilatı isə xüsusi lisenziya əsasında fəaliyyət göstərən, elektron pul buraxmaq və bu pulla bağlı ödəniş əməliyyatlarını icra etmək hüququ olan hüquqi şəxsdir.
Elektron pul depozitdən nə ilə fərqlənir?
Mütəxəssislər bildirir ki, elektron pul bank depoziti hesab olunmur. Bu vəsait sığortalanmır, ona görə faiz qazandırmır və həmin vəsait əsasında kredit verilmir. Sadə dillə desək, elektron pul yalnız ödəniş etmək üçündür, yığım və qazanc vasitəsi deyil.
Qeyd edək ki, elektron pul gündəlik ödənişləri asanlaşdıran müasir maliyyə aləti kimi çıxış edir. Lakin istifadəçilər onun imkanları və məhdudiyyətləri barədə məlumatlı olmalıdırlar ki, maliyyə qərarlarını düzgün verə bilsinlər.
Günay
Şərhlər