Arktikada əbədi donuşluğun əriməsi uzun müddətdir ki, alimləri qlobal istiləşmə kontekstində narahat edir.
Qaynarinfo xəbər verir ki, "Earth.com" nəşrinin yazdığına görə, Massaçusets Universitetinin alimlərinin yeni araşdırması bu prosesi ümumi şəkildə deyil, konkret olaraq – çay-çay, günbəgün 40 ildən artıq müddət ərzində təhlil edir.
Alimlərin fikrincə, Arktika çayları qlobal su dövranında qeyri-mütənasib dərəcədə böyük rol oynayır. Onlar planetdəki bütün çay axınının təxminən 11 faizini okeana daşıyır, halbuki Şimal Buzlu okeanı dünya okeanının cəmi bir faizini təşkil edir. Buna görə də çayların daşıdığı maddələrdə – şirin su, qida elementləri və ya karbon – baş verən kiçik dəyişikliklər belə dəniz ekosistemlərinə ciddi təsir göstərir.
Arktikada hər il donub-əriyən torpağın üst qatı getdikcə dərinləşir. Nəticədə minilliklər əvvəl donmuş qədim buz qatları ildən-ilə daha çox ərərək çaylara qarışır. Bununla birlikdə uzun müddət donuşluqda qalan karbon da suya keçərək okeana çatır. Artıq indi Arktika okeanı çaylarda həll olmuş karbonun qeyri-mütənasib böyük hissəsini qəbul edir. Bu karbonun bir hissəsi okeanda karbon qazına çevrilərək qlobal istiləşməni daha da sürətləndirir.
Arktik regionda birbaşa ölçmələr aparmaq uzaqlıq, infrastruktur çatışmazlığı və sərt iqlim səbəbindən olduqca çətindir. Tədqiqatın aparıcı müəllifi, geoloq Maykl Roulinzin sözlərinə görə, çay suyu nümunələrinin sayı bu bölgədən okeana daxil olan karbonun həcmini dəqiq qiymətləndirmək üçün kifayət deyil. Buna görə alimlər qarın toplanması və əriməsi, torpağın aktiv qatındakı dəyişikliklər, səth axını və hidrologiyanı nəzərə alan kompüter modelləşdirməsinə əsaslanırlar.
Araşdırmanın mühüm nəticələrindən biri karbon daşınmasının qeyri-bərabər artmasıdır. Bu proses ən intensiv şəkildə Alyaskanın şimal-qərbində müşahidə olunur.
"Orada relyef daha düzənlikdir, bu isə o deməkdir ki, minlərlə il ərzində toplanmış üzvi maddələrin parçalanmasından yaranan karbonun miqdarı daha çoxdur. Bu, qədim karbondur. Şərqə doğru getdikcə relyef daha dağlıq olur, torpaq isə daha daşlı və qumlu olur və ərimə zamanı daha az həll olmuş üzvi karbon hərəkətə gəlir", deyə Roulinz bildirib.
Digər vacib nəticə isə ərimə mövsümünün uzanmasıdır. Dəyişikliklər təkcə həcmdə deyil, zaman baxımından da müşahidə olunur – artıq ərimə prosesi sentyabr və hətta oktyabr aylarında da aktiv şəkildə davam edir. Bu dövrdə əlavə şirin su və karbon axını çay mənsəblərində və Bofort dənizinin sahil sularında duzluluq, biogeokimyəvi proseslər və qida zəncirlərini əhəmiyyətli dərəcədə dəyişə bilər.
Aydın
Şərhlər