Xəbər lenti

Amerikalı gənclər Azərbaycan dilini öyrənir (VİDEO)
Video 16:51 22.02.2026

Amerikalı gənclər Azərbaycan dilini öyrənir (VİDEO)

21 fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd olunub. 

Qaynarinfo xəbər verir ki, bu münasibətlə ABŞ-ın Yuta ştatında maraqlı tədbir keçirilib. Tədbir Azərbaycan-Yuta dostluq cəmiyyətinin təşəbbüsü ilə baş tutub və Azərbaycan dilinin təbliğinə həsr olunub. 

"Brigham Young University"də baş tutan tədbirdə elə bu universitetin tələbələri fəal şəkildə iştirak ediblər, Azərbaycan dilində maraqlı çıxışlarla yadda qalıblar. Sözügedən tədbirin əsas təşkilatçısı olan Əsmər Gərayın sözlərinə görə amerikalıların Azərbaycana və Azərbaycan dilinə böyük hörməti, sevgisi var: 

"Brigham Young University" ABŞ-ın sayılıb-seçilən universitetlərindən biridir. Həmçinin, ABŞ-da Azərbaycan dilinin aktiv tədris olunduğu yeganə məkandır. Biz 2023-cü ildən bu işə başladıq. İlk smesterdə 11 tələbə, ikinci smesterdə isə 6 tələbə Azərbaycan dili dərslərinə cəlb olundu. Tədris müddətində dilimizin təbliği ilə yanaşı digər tədbirlərimiz də baş tutub. Xüsusilə "Zəfər günü"nə həsr olunan tədbiri deyə bilərəm. Bundan başqa, milli rəqslərimiz, milli mətbəximiz də amerikalılara təqdim olunub, onlar tərəfindən rəqslərimizə və mətbəximizə də böyük marağın şahidi olmuşuq. Təsəvvür edin, amerikalı tələbə qız milli mətbəximizdən olan bozartmanı bişirib. Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbirimizə gəlincə, çox gözəl keçdi, amerikalı gənclərin bizim dildə danışması özümüzə də çox xoş oldu. Onu da deyim ki, amerikalı tələbələr tərəfindən Azərbaycan dilinə, ümumiyyətlə, ölkəmizə böyük maraq var. Buna görə nəzərdə tutmuşuq ki, dilimizin tədrisini bu ildən etibarən də davam etdirək".


--> -->