Günəş səthində baş verən nəhəng partlayışlar adətən qütb parıltıları və ya radio rabitəsində yaranan fasilələrlə gündəmə gəlir. Lakin son dövrdə elm ictimaiyyətində müzakirə olunan yeni iddia bu kosmik enerji partlayışlarının Yer səthindən kilometrlərlə dərinlikdə yerləşən fay xətlərini belə hərəkətə gətirə biləcəyini, yəni zəlzələlərə səbəb ola biləcəyini irəli sürür.
Qaynarinfo xəbər verir ki, fevralın 3-də yayımlanan yeni tədqiqat kosmik hava şəraiti ilə zəlzələ riski arasında indiyədək kifayət qədər diqqət yetirilməmiş mümkün əlaqəyə işarə edir. Araşdırmaçılar Günəşdən gələn elektrik yüklü hissəciklərin təkcə atmosferə deyil, Yer qabığındakı həssas tarazlıqlara da təsir göstərə biləcəyini bildirirlər.
Yer təbii yollarla formalaşmış nəhəng elektrik şəbəkəsi ilə əhatə olunub. Dərin qatlarda, yüksək təzyiqli çatlarda yerləşən və nə tam maye, nə də qaz halında olan yüksək temperaturlu su cibləri ionlarla zəngin quruluşu sayəsində elektrik enerjisini saxlayan batareya kimi davranır. Alimlər hazırladıqları modeldə Yer qabığı ilə atmosferdən təxminən 400 kilometr yuxarıda yerləşən ionosfer qatını vahid sistemin iki ucu kimi qiymətləndirirlər.
Bu yanaşmaya görə, Günəş partlayışları ionosferdəki elektronları aşağı doğru itələyərək mənfi yüklü qat yaradır. Yaranan elektrik təzyiqi Yer qabığındakı yüklərə təsir göstərərək fay xətlərindəki gərginliyi – gelgit hadisələrinə bənzər şəkildə – dəyişdirə bilər.
Mürəkkəb geologiya və elmi şübhələr
Tədqiqatçılar 2024-cü ildə Yaponiyanın Noto yarımadasında baş verən zəlzələnin güclü Günəş partlayışları ilə eyni dövrə təsadüf etməsini nəzəriyyənin əsas arqumentlərindən biri kimi təqdim edirlər. Onların fikrincə, elektrostatik qüvvənin artması onsuz da qırılma həddinə yaxınlaşmış fay xəttinə əlavə təkan verə bilər.
Lakin bu əlaqəni konkret və təkrarlana bilən elmi sübutlarla təsdiqləmək hələ mümkün olmayıb. Bir çox mütəxəssis Günəşin 11 illik aktivlik dövrü ilə Yer kürəsində baş verən zəlzələlər arasında indiyədək aydın və sabit korrelyasiyanın aşkar edilmədiyini xatırladır.
Tənqidlərin əsas hədəfi isə modelin həddindən artıq sadələşdirilmiş ola bilməsidir. Bir sıra geoloqlar Yer kürəsinin laylı quruluşunun elektrik keçiriciliyi baxımından yüksək müqavimət göstərdiyini və bu təsirin dərin qatlara çatmadan zəifləyə biləcəyini bildirirlər. Bundan əlavə, həm Günəş partlayışlarının, həm də zəlzələlərin təbiətdə tez-tez baş verən hadisələr olması aralarındakı zaman uyğunluğunun təsadüfi ola biləcəyi ehtimalını artırır. Rusiya Elmlər Akademiyasının mütəxəssisləri də mövcud müşahidə nəticələrinin bu hipotezi tam dəstəkləmədiyini qeyd edirlər.
Hazırda sözügedən tədqiqat sübuta yetirilmiş fakt deyil, daha dərin analiz və müşahidələrlə yoxlanmalı olan maraqlı elmi istiqamət kimi qiymətləndirilir. Günəşin həqiqətən də Yer qabığındakı fay xətlərinə təsir edib-etmədiyi sualı isə hələlik açıq qalır. Elm ictimaiyyəti bir daha vurğulayır ki, iki hadisənin eyni vaxta təsadüf etməsi onların arasında səbəb-nəticə əlaqəsi olduğu anlamına gəlmir.
Aydın
Şərhlər