Xəbər lenti

Asiyanın ikinci valyutası 40 ilin ən aşağı səviyyəsinə düşdü
Dünya 16:38 30.06.2026

Asiyanın ikinci valyutası 40 ilin ən aşağı səviyyəsinə düşdü

ABŞ dolları iyunun 30-da Yapon yeni qarşısında ilk dəfə 1986-cı ildən bəri 162,41 yen səviyyəsinə yüksəlib. Nəticədə uzun illər dünyanın aparıcı ehtiyat və ən sabit valyutalarından biri hesab olunan Yapon yeni kəskin dəyər itirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

Yaponiyanın maliyyə naziri Satsuki Katayama bildirib ki, hökumət istənilən vaxt vəziyyətə adekvat reaksiya verməyə hazırdır. Lakin o, valyuta bazarına mümkün müdaxilə ilə bağlı daha sərt açıqlamalar verməkdən çəkinib.

Analitiklər isə Yaponiya Bankının növbəti valyuta intervensiyası həyata keçirəcəyi ehtimalının artdığını bildirirlər.

ABŞ dollarının bahalaşması Federal Ehtiyat Sisteminin (FED) ilin sonuna qədər faiz dərəcələrini yenidən artıracağına dair gözləntiləri gücləndirir.

2026-cı ilin ilk üç ayında dollar 1,6 faiz möhkəmlənib. Onun ikinci rübdə də əlavə 1,4 faiz bahalaşacağı proqnozlaşdırılır. ABŞ-da inflyasiya hədəf səviyyəsindən yüksək olaraq qalır, iqtisadiyyat isə artımını davam etdirir.

Dolların möhkəmlənməsi ən çox Yapon yeninə təsir göstərir. Yaponiya Bankının son faiz artımına baxmayaraq, ölkədə faiz dərəcələri ABŞ ilə müqayisədə xeyli aşağı səviyyədə qalır. Bu isə gəlirlilik fərqini artırır, dolların üstünlüyünü gücləndirir və investorların aşağı faizlə yen borclanaraq daha yüksək gəlirli aktivlərə yatırım etdiyi "carry trade" əməliyyatlarını dəstəkləyir.

Proqnozlara görə, yen ikinci rübdə daha 2 faiz ucuzlaşacaq. Bu baş verərsə, valyuta ardıcıl dördüncü rübdə geriləyəcək və son dörd ilin ən uzun eniş seriyası qeydə alınacaq.

Yaponiya hakimiyyəti aprel və may aylarında milli valyutanı dəstəkləmək məqsədilə bazara 11,7 trilyon yen (72,25 milyard ABŞ dolları) həcmində müdaxilə etsə də, analitiklərin fikrincə, həmin tədbirlərin təsiri artıq zəifləyib və yen dollar qarşısında yenidən ucuzlaşmağa başlayıb.

Avro da dollar qarşısında 0,24 faiz ucuzlaşaraq 1,1396 dollar səviyyəsinə enib. Bu göstərici ötən həftə qeydə alınmış illik minimuma yaxındır.

Avropa Mərkəzi Bankı bu ayın əvvəlində faiz dərəcələrini artırsa da, bazarlar ilin sonuna qədər daha bir artım gözləyir. Bununla yanaşı, inflyasiya zəifləyər və iqtisadi artım ləngiyərsə, əlavə faiz artımının baş verməyəcəyi də istisna edilmir.

Britaniya funt sterlinqi də dollar qarşısında 0,2 faiz ucuzlaşaraq 1,3234 dollara enib.

Neft və qaz qiymətlərinin azalması xammal ixrac edən ölkələrin valyutalarına da təzyiq göstərib. Norveç kronu dollar qarşısında 9,951, avro qarşısında isə 11,31 səviyyəsinə enərək müvafiq olaraq son altı və beş ayın ən zəif göstəricilərini qeydə alıb.

Aydın

--> -->