Dünya 12:11 12.05.2022

Avropaya xəbərdarlıq: “O, Hitler və Stalindən daha təhlükəlidir” - The Daily Telegraph

"Rusiya diktatoru Vladimir Putin Adolf Hitler və İosif Stalindən daha təhlükəlidir, çünki onun XX əsrin diktatorlarından daha çox öldürücü silahları - nüvə raketləri və internet imkanı var”.

Qaynarinfo "The Daily Telegraph”a istinadla xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski deyib.

Polşa baş nazirinin sözlərinə görə, Rusiya informasiya məkanını milyonlarla saxta xəbərlə yoluxdurub. Ona görə də dünyanın "deputinləşdirilməsi” lazımdır.

"Putinin "Rus dünyası" ideologiyası 20-ci əsrin kommunizmi və nasizminin ekvivalentidir. Bu, Rusiyanın öz ölkəsi üçün qondarma hüquq və imtiyazlara haqq qazandırdığı ideologiyadır. Onun kökü kəsilməlidir".

Moravetski Putinin mayın 9-da keçirilən paradda Rusiyanın bu gün "nasizm”lə mübarizə aparmasıyla bağlı fikirlərinə də münasibət bildirib. Polşanın baş naziri vurğulayıb ki, rus diktatoru Rusiyanın nasizmi məğlub etməsi mifini inkişaf etdirir, lakin Şərqi Avropa ölkələrində SSRİ-nin müharibədən sonrakı onilliklər ərzində repressiyaları və ifratları haqqında danışmır.

"Putin Hitler və ya Stalin deyil. Təəssüf ki, o, daha təhlükəlidir. Avropa ona mane olmasa, Putin rus qoşunlarını Avropanın içərilərinə doğru da göndərəcək. Onu harada dayandıracağımız bizdən asılıdır", - Moravetski xəbərdarlıq edib.

Xatırladaq ki, aprelin 4-də Mateuş Moravetski Fransa prezidenti Emanuel Makronu Rusiya prezidenti Vladimir Putinlə tez-tez söhbət etdiyinə görə tənqid edib.
"Prezident Makron, Putinlə neçə dəfə danışmısınız və nəyə nail oldunuz? Biz müzakirə etmirik, cinayətkarlarla danışıqlar aparmırıq, çünki cinayətkarlarla mübarizə aparılmalıdır... Hitlerlə heç kim danışıqlar aparmayıb. Hitlerlə, Stalinlə, Pol Potla danışıq?” – Moravetski Makrona müraciətində deyib.

Öz növbəsində Makron Polşa baş nazirinin belə bir bəyanatını "əsassız” və "qalmaqallı” adlandırıb və Putinlə niyə tez-tez danışdığını izah edib.
 
Alpər