Ekonomiks 10:39 21.12.2022

AZAL: Bu gün Naxçıvana 11 reys yerinə yetiriləcək (CƏDVƏL)

Azərbaycanın milli aviadaşıyıcısı AZAL öz resurslarından maksimum istifadə edərək qısa müddətdə əlverişsiz hava şəraiti ilə əlaqədar Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxirə salınmış reyslərin sərnişinlərinin daşınmasını həyata keçirir.

AZAL-dan Qaynarinfo-ya verilən məlumata görə, belə ki, çərşənbə axşamı, dekabrın 20-də Bakıdan Naxçıvana və əks istiqamətdə ümumilikdə 8 reys həyata keçirilib. Dekabrın 17 və 18 tarixlərində vaxtı dəyişdirilmiş uçuşların sərnişinləri sözügedən reyslərlə daşınıb.

Bu gün ərzində aviaşirkət həmçinin bu istiqamətdə 11 reys yerinə yetirəcək və dekabrın 18 və 19-na planlaşdırılan reyslərin sərnişinlərinin daşınmasını həyata keçirəcək.

Aviaşirkətin Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bütün reysləri çərşənbə günü, dekabrın 21-də cədvələ uyğun yerinə yetiriləcək. Bakıdan Naxçıvana əlavə üç reysin uçuşu saat 11:00, 15:00 və 20:10, Naxçıvandan Bakıya isə saat 13:20, 17:20 və 22:30-a planlaşdırılıb.

Belə ki, aviaşirkət hava şəraiti səbəbindən təxirə salınan bütün reyslərin sərnişinlərinin təyinat yerinə daşınmasını bu gün başa çatdıracaq.

Sərnişinlər qeydiyyat masalarına öncədən yaxınlaşmalıdır.