(Yazı "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə hazırlanıb)
Bu ilin ilk yarısında Bakı şəhərində mehmanxana və mehmanxana tipli obyektlərdə 645 min 972 nəfər yerləşdirilib. Bu göstərici ölkə üzrə ümumi yerləşdirilənlərin təxminən 60 faizini təşkil edir. Bu isə xarici turistlərin böyük hissəsinin paytaxtda cəmləşdiyini, regionların isə turizm potensialından tam istifadə edə bilmədiyini göstərir.
"Azərbaycan Ekoturizm Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Samir Dübəndi Qaynarinfo-ya Bakının regionlardan daha çox turist cəlb etməsinin səbəblərini və xarici turistlərin bölgələrə yönləndirilməsi üçün görülməli tədbirləri açıqlayıb.
Ekspertin sözlərinə görə, Bakının turistlər üçün daha cəlbedici olmasının əsas səbəbi burada ölkənin əsas hava qapısının, biznes, mədəniyyət, alış-veriş, şəhər turizmi və çimərlik imkanlarının cəmlənməsidir:
“Bakı ənənəvi olaraq Azərbaycanın ən uğurlu, tanınmış və turistlərin ən çox üstünlük verdiyi destinasiyadır. Ölkənin əsas hava qapısı, biznes, mədəniyyət, alış-veriş, şəhər turizmi və çimərlik imkanlarının burada cəmlənməsi bu üstünlüyü formalaşdırıb”.

Samir Dübəndi hesab edir ki, problemin yalnız turistlərin Bakıya üstünlük verməsi ilə izah edilməsi kifayət deyil. Çünki paytaxtın özündə də turizm tələbi əvvəlki səviyyədə deyil:
“2026-cı ilin ilk yarısında ölkə üzrə hotel gecələmələri 8,3 faiz azalıb, Bakıda hotel tutumundan istifadə səviyyəsi 29,4 faiz olub. Yəni məsələni yalnız ‘turistlər Bakını sevir’ arqumenti ilə izah etmək artıq kifayət deyil”.
Ekspert regionlarda turizmin inkişafı üçün yalnız hotel sayının artırılmasının kifayət etmədiyini bildirir:
“Regionlarda problem təkcə hotel çatışmazlığı deyil. Biz burada bütöv regional turizm destinasiyası yaratmaqdan danışmalıyıq. Bunun üçün nəqliyyat, hotel, restoran, əyləncə, təbiət və mədəni irs obyektləri, marşrutlar, xidmət keyfiyyəti və rəqəmsal satış imkanları vahid sistem kimi işləməlidir”.

Onun sözlərinə görə, xarici turistlərin bölgələrə yönləndirilməsi üçün Bakı ilə regionları rəqib deyil, bir-birini tamamlayan turizm istiqamətləri kimi təqdim etmək lazımdır:
“Xarici turistlərin Bakıdan regionlara yönləndirilməsi üçün əsas məqsəd Bakı ilə regionlar arasında rəqabət yaratmaq deyil, onları vahid turizm sistemi çərçivəsində bir-birini tamamlayan istiqamətlərə çevirmək olmalıdır. Bu baxımdan regional beynəlxalq hava limanlarının imkanlarından daha fəal istifadə edilməsi, xarici şəhərlərdən regionlara birbaşa uçuşların coğrafiyasının genişləndirilməsi və turistlərin ölkənin müxtəlif istiqamətlərinə rahat çıxışının təmin edilməsi mühüm rol oynaya bilər”.
Samir Dübəndi Bakıdan regionlara transferlərin asanlaşdırılmasını və bir neçə istiqaməti əhatə edən turizm paketlərinin hazırlanmasını vacib sayır:
“Bakıdan regionlara rahat transferlərin, ‘Bakı + region’ paketlərinin və çoxgünlük marşrutların inkişaf etdirilməsi turistlərin səfər coğrafiyasını genişləndirə bilər”.
Ekspert hesab edir ki, nəqliyyat imkanları ilə yanaşı, regionların özünəməxsus turizm məhsulları da inkişaf etdirilməlidir:
“Burada kəndlərin ənənəvi həyat tərzinin, yerli mətbəxin, kənd təsərrüfatının, bağçılığın, arıçılığın, heyvandarlığın və digər yerli fəaliyyətlərin qorunması və turizm təcrübəsinə inteqrasiyası mühüm imkanlar yarada bilər. Turist üçün kənd yalnız görməli yer deyil, həm də yerli həyatın bir hissəsini yaşaya biləcəyi, yerli məhsullarla tanış ola və onları əldə edə biləcəyi bir məkan olmalıdır”.
Onun fikrincə, aqroturizm, ekoturizm, qastronomiya və kənd turizminin birlikdə inkişaf etdirilməsi regionların iqtisadi imkanlarını da genişləndirə bilər:
“Aqroturizm, ekoturizm, qastronomiya və kənd turizminin bir-biri ilə əlaqələndirilməsi həm turizm gəlirlərinin regionlarda qalmasına, həm də yerli istehsalın dəstəklənməsinə töhfə verə bilər”.

Samir Dübəndi pandemiyadan sonra daxili turizmə marağın artmasının regionlar üçün yeni imkanlar yaratdığını, lakin mövcud potensialın tam reallaşdırılması üçün əlavə addımlara ehtiyac olduğunu vurğulayır:
“Pandemiyadan sonra daxili turizmə marağın əhəmiyyətli dərəcədə artması regionlar üçün yeni imkanlar yaratdı. Həmin dövrdə regional turizm biznesinin daha da inkişaf edərək formalaşacağı və destinasiyaların öz potensialından daha geniş istifadə edəcəyi gözləntiləri vardı. Bu istiqamətdə müəyyən irəliləyişlər olsa da, potensialın tam reallaşdırılması üçün əlavə səylərə ehtiyac olduğu görünür”.
Ekspert hesab edir ki, regionların inkişafına yalnız turizm sahəsi kimi deyil, bir neçə sektorun qarşılıqlı əlaqəsi çərçivəsində yanaşmaq lazımdır:
“Məncə, regionların inkişafına yalnız turizm prizmasından deyil, turizm - kənd təsərrüfatı - yerli istehsal - nəqliyyat - xidmətlər - yerli icmaların sosial-iqtisadi inkişaf əlaqəsi çərçivəsində kompleks yanaşmaq daha məqsədəuyğundur. Dövlət Proqramında da regionların rəqabət qabiliyyətinin artırılması, kənd turizmi, turizm məhsullarının şaxələndirilməsi və əlçatanlığın yaxşılaşdırılması bu istiqamətdə mühüm prioritetlər kimi müəyyən edilib".
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Şərhlər