Xəbər lenti

Azərbaycanda AZIPS vasitəsilə aparılan əməliyyatların həcmi artıb
phrase_var_qaynar. 20:24 30.07.2026

Azərbaycanda AZIPS vasitəsilə aparılan əməliyyatların həcmi artıb

Azərbaycanda AZIPS vasitəsilə həyata keçirilən tranzaksiyaların həcmi artıb.

Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statistik bülletenə görə, cari ilin iyun ayında Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) vasitəsilə həyata keçirilən tranzaksiyaların həcmi 91,31 milyard manatı, sayı isə 218,5 mini ötüb.

2025-ci ilin eyni ayı ilə müqayisədə bu sistem vasitəsilə həyata keçirilən tranzaksiyaların həcmi 33,38 milyard manatdan çox və ya 57,6 faiz, sayı isə 31,7 min əməliyyat və ya 17 faiz artıb.

Ötən ilin iyun ayında AZIPS vasitəsilə həyata keçirilən tranzaksiyaların həcmi 57,93 milyard manatı, sayı isə 186,8 mini keçmişdi.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, iyunun sonuna bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,798 milyon ədədə çatıb.

AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artıb.

Bundan əlavə, debet kartlarının sayının 12 faiz artdığı, kredit kartlarının sayının isə 3,5 faiz azaldığı qeyd olunur.

"Hesabat dövründə ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artıb. 2026-cı ilin iyun ayında ödəniş kartlarından istifadə edilməklə ölkə daxilində həyata keçirilən nağdsız ödənişlərin həcmi 9,902 milyard manat təşkil edib. Bu məbləğin 8,575 milyard manatı elektron ticarətin payına düşüb.Qalan ödənişlərdən 1,325 milyard manatı POS-terminallar, 2,5 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə həyata keçirilib",-deyə məlumatda qeyd olunur.

Hazırda Azərbaycanda vahid AZQR standartı əsasında QR ödəniş sisteminin mərhələli tətbiqi davam edir. AMB-dən Trend-ə verilən özəl müsahibədə bildirilib ki, banklar artıq sistemlə texniki inteqrasiyanı başa çatdırıblar və funksionallıq tədricən POS terminallarında və mobil bank tətbiqlərində istifadəyə verilir.

"Növbəti inkişaf mərhələsi transsərhəd QR ödənişlərinin tətbiqi ola bilər. Bunun üçün Azərbaycan Ani Ödəniş Sistemi ilə digər ölkələrin analoji sistemləri arasında qarşılıqlı inteqrasiya imkanları nəzərdən keçirilir. Hazırda tənzimləyici bu sahədə beynəlxalq təcrübəni öyrənir. Prioritet istiqamətlər gündəlik pərakəndə hesablaşmalarda QR ödənişlərinin istifadəsinin genişləndirilməsi, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və ekosistemdə iştirak edən banklar arasında tam uyğunluğun təmin edilməsidir", - deyə Mərkəzi Bank qeyd edib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->