Xəbər lenti

Pentaqon 135 milyard dollarlıq silah istehsalı müqavilələri bağladı
Dünya 16:11 30.07.2026

Pentaqon 135 milyard dollarlıq silah istehsalı müqavilələri bağladı

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hərbi ehtiyatların azalması fonunda müdafiə sənayesində istehsalı sürətləndirir və genişləndirir. 

Qaynarimfo xəbər verir ki, bu barədə "Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, iyulun 29-da ABŞ Müdafiə Nazirliyi iki iri müdafiə sənayesi şirkəti ilə ümumi dəyəri təxminən 135 milyard dollar olan iki müqavilə imzalayıb.

Müqavilələrdən biri yeddi il müddətini əhatə edir və "Lockheed Martin” şirkəti ilə bağlanıb. Dəyəri 59 milyard dollar olan müqavilə "Patriot” zenit-raket kompleksləri üçün raketlərin istehsalını nəzərdə tutur. Bu müqavilə sayəsində şirkət 2030-cu ilə qədər illik istehsal gücünü 600 raketdən 2 min raketə çatdırmağı planlaşdırır.

İkinci müqavilə isə 76,6 milyard dollar dəyərindədir və "General Dynamics” ilə "Huntington Ingalls Industries” şirkətləri ilə imzalanıb. Sənəd nüvə sualtı qayıqlarının istehsalının genişləndirilməsi və sürətləndirilməsini nəzərdə tutur.

Müqaviləyə əsasən, şirkətlər 40-a qədər "Tomahawk” qanadlı raketi daşıya bilən doqquz ədəd "Virginia Block VI” sinifli çoxməqsədli sualtı qayıq və 16 ədəd "Trident II D5” ballistik raketi ilə təchiz ediləcək beş ədəd "Columbia” sinifli sualtı qayıq istehsal edəcəklər.

Böyük sifarişlərin açıqlanmasından sonra müdafiə şirkətlərinin səhmləri müsbət reaksiya verib.

Bundan əvvəl də Pentaqon "Lockheed Martin” şirkətinə "THAAD” raketdən müdafiə sistemi üçün tutucu raketlərin istehsalının genişləndirilməsi məqsədilə 35 milyard dollarlıq sifariş vermişdi.

Cari ilin fevral ayında isə Müdafiə Nazirliyi "Raytheon” şirkəti ilə "Tomahawk” qanadlı raketləri və digər döyüş sursatlarının istehsalının artırılması barədə bir sıra müqavilələr bağlamışdı. Həmin razılaşmalara əsasən, "Tomahawk” raketlərinin illik istehsalı 60 ədəddən 1 000-dən çox raketə çatdırılmalıdır.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->