Xəbər lenti

Rüşvət almaqda ittiham olunan hakim məhkəmədə özünü süni intellektlə müdafiə edir
İdman 16:32 30.07.2026

Rüşvət almaqda ittiham olunan hakim məhkəmədə özünü süni intellektlə müdafiə edir

Rusiyada futbol hakimi Andrey Fisenko oyun nəticələrinə təsir göstərmək üçün rüşvət alma işi üzrə məhkəmədə süni intellektdən istifadə edərək müdafiə qurur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sport Baza" Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

İlkin mərhələdə - ilk dindirmə zamanı - Fisenko təqsirini etiraf edib, lakin daha sonra bu ifadələrindən imtina edib.

"Lakin sonradan cinayətin halları ilə bağlı əvvəllər verdiyi məlumatlardan imtina edib. Məlum olub ki, kişi cinayət məsuliyyətindən yayınmaq istəyərək süni intellektin köməyi ilə müdafiə mövqeyi hazırlayıb və daha sonra ifadələrini həmin mövqeyə uyğun şəkildə dəyişib", deyə nəşrdə qeyd olunub.

Fisenko "Ximki” klubu ilə bağlı cinayət işi üzrə təqsirləndirilir. "Alaniya” və "Ximki” komandaları arasında görüş 2023-cü ildə Birinci liqa çərçivəsində keçirilib. Həmin qarşılaşma Moskvaətrafı komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunu Fisenkonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Bildirilir ki, Fisenko 2026-cı ilin mart ayının əvvəlində Moskva hava limanında saxlanılıb. Ona qarşı yeddi ilədək azadlıqdan məhrumetmə cəzası tələb oluna bilər. Məlumata görə, o, 2 milyon rubl məbləğində vəsait alıb.

Əvvəlcə onun barəsində ölkədən çıxmamaq haqqında iltizam tədbiri seçilib. Lakin dəfələrlə qaydaları pozduğu üçün məhkəmənin qərarı ilə ev dustaqlığına göndərilib.

38 yaşlı Fisenko həm Birinci liqada, həm də Rusiya Kubokunda təxminən 100 oyunda çalışıb. O, Rusiya Premyer Liqasında baş hakim təyinatı almayıb, yalnız VAR, AVAR və ehtiyat hakim kimi fəaliyyət göstərib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->