Beynəlxalq sığorta şirkəti "Munich Re” 2026-cı ilin ilk yarısında dünyada baş verən təbii fəlakətlər nəticəsində yaranan iqtisadi zərərlə bağlı hesabat yayıb.
Qaynarinfo xəbər berir ki, şirkətin məlumatına görə, ümumi iqtisadi zərər 112 milyard dollar təşkil edib. Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstərici 131 milyard dollar olmuşdu. Zərərin 60 faizi sığortalanmayıb.
"Munich Re” sığortalanmış zərərin həcmini 44 milyard dollar qiymətləndirib. Ötən ilin analoji dövründə bu rəqəm 80 milyard dollar idi.
Şirkət iyunun 24-də Venesuelada baş vermiş ikiqat zəlzələni 2026-cı ilin ilk yarısı üçün "ən dağıdıcı təbii fəlakət” adlandırıb. Ekspertlərin hesablamalarına görə, bu hadisə təxminən 30 milyard dollar zərərə səbəb olub. Həmin məbləğin 1 milyard dollardan az hissəsi sığortalanıb.
Ümumi zərərin həcminə görə ikinci yerdə ABŞ-də baş vermiş qasırğalar qərarlaşıb. "Munich Re” onların vurduğu zərəri 30 milyard dollar qiymətləndirir. Bunun 22 milyard dolları sığortalanmış itkilərin payına düşür.
Şirkətin hesablamalarına əsasən, Avropada ilk yarımildə təbii fəlakətlər nəticəsində ümumi zərər 22 milyard dollar təşkil edib. Bu məbləğin 7 milyard dolları sığorta ilə əhatə olunub.
"Munich Re” hesab edir ki, ilin ikinci yarısı El Nino iqlim hadisəsinin və davam edən qlobal istiləşmənin təsiri altında keçəcək.
"Bu, olduqca təhlükəli birləşmədir. Qlobal istiləşmə fonunda dünya həm də temperaturun daha da yüksəlməsinə səbəb ola biləcək Super-El Nino hadisəsinə doğru irəliləyir. Bunun nəticələrinin ilin ikinci yarısında aydın şəkildə hiss olunacağı ehtimal edilir”, deyə şirkətin baş iqlimşünası Tobias Grimm bildirib.
"Munich Re” 2026-cı ilin ikinci yarısı və ümumilikdə ilin sonuna qədər gözlənilən zərərin həcmi ilə bağlı proqnoz açıqlamayıb. Şirkət ötən il təbii fəlakətlərin illik iqtisadi zərərini 224 milyard dollar qiymətləndirmişdi.
Aydın
Şərhlər