Bu kənd Azərbaycanda qoyunçuluq mərkəzi kimi tanınır. Söhbət Zaqatalanın Yeni Suvagil kəndindən gedir.
Bizim.Media-nın yerlu bürosu xəbər verir ki, Sovetlər birliyi dövründən bu kənd qoyunçuluq üzrə ixtisaslaşıb. Bu kənddə 7-dən 77-ə hər kəs qoyunu bərəkət rəmzi hesab edir.
Müsəlam dünyasının müqəddəs bayramı olan Qurban bayramını hər kəs öz gücünə, cibinə uyğun qarşılamağa çalışır. Bayram günlərində əksər fermer və təsərrüfat sahibləri qoyun-quzusunu bazarlara çıxarıb, alıcı, müştəri axtarında Zaqatalanın Yeni Suvagil kəndində əksinədir. Yəni, alıcılar, bu kəndin zəhmətkeş insanlarını tanıyıb - bilənlər bazarlara deyil Suvagilə gələrək qoyun seçimi edirlər.
Bu kəndin hər küçəsi və döngəsində günün istənilən saatında qoyun-quzu görmək olar. Bu kənddə elə ev, təsərrüfat olmasın ki, orada ən azından 5-10 baş qoyun-quzu olmasın.
Zaqatalanın Yeni Suvagil kəndi haqda söhbət düşəndə ilk ağla gələn qoyunçuluqdur. Tarixən olduğu kimi bu gün də kənd sakinləri qoyunçuluqla sanki nəfəs alır.
May ayının son həftəsindən başlayaraq kəndin qoyunçuluq üzrə fermerləri qışlaqdan yayalağa üz tutur. Bu il havaların bir qədər qeyri-sabit keçməsi sürülərin yaylağa hərəkətini ləngidib.
87 yaşlı kənd sakini Fazil Balayevin dediyinə gərə 7 yaşından qoyun sürülərinin içində, çoban alaçıqlarında, qoyun dərisində böyüyüb.
"Bizim əsas məşğuliyyətimiz qoyunçuluq olub. Ulu babalarımız qoyunla məşğul olublar. O vaxtlar dağa 24 briqada nə az, nə çox 70-80 min baş bəzən daha çox qoyun aparardıq.” deyən Fazil Balayev sözlərinə onu da əlavə edir ki, kolxoz-sovxoz sistemi dağılandan sonra kənddə hər kəs öz fərdi təsərrüfatını qurmağa başlayıb. Keçmiş dövrlərdəki qədər olmasa da bu gün də kənddə qoyunçuluqla məşğul olanlar az deyil.
Bəs qurbanlıq qoyunların satışı necə təşkil edilir və qiymətlər necə tənzimlənir? -deyə, digər kənd sakini Aqil Balayevə müraciət edirik. Müsahibim bildirir ki, tarixdən gələn, ata-babadan qalan ənənələr bu gün gənclər tərəfindən davam etdirilir. Bayram günlərində əksər alıcılar kəndə gələrək qoyun-quzu alır. Aqil Balayev sözlərinə onu da əlavə edir ki, alıcılar bilir ki, bu kənddə yetişdirilən qoyun-quzu sağlam və keyfiyyətli olur. Burada heç vaxt xəstə yaxud yaşlı qoyunlar nə bazara çıxarılır nə də satıcıya təqdim olunur. Aqil bu il diri çəkidə qoyunların 8-9 manat arasında satıldığını diqqətə çatdırır.
Kənd bələdiyyəsindən bildirildi ki, 6 min nəfərə yaxın əhalisi olan Yeni Suvagilin 24 qoyun briqadası-yatağı mövcuddur. Bu isə 35-40 min baş qoyun-quzu deməkdir. Kənd sakinlərinin bu sahədə bilik və bacarıqları nəzərə alınaraq qoyunçuluğun inkişaf etdirilməsi , yeni briqadaların təşkili nəzərdə tutulur. Eyni zamanda gələcək illərdə kəndin müəyyən ərazisində sakinlərin qoyun-quzusunu satması üçün xüsusi yerin ayrılması da planlaşdırılır.
Şərhlər