
Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər yalnız diplomatik sənədlərdən, siyasi bəyanatlardan və dövlətlərarası razılaşmalardan ibarət deyil. Bu münasibətlərin arxasında ortaq tarix, mədəni yaxınlıq, ailə bağları və cəmiyyətlərin bir-birinə bəslədiyi səmimi rəğbət dayanır. Məhz buna görə də son vaxtlar Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səslənən ittihamlar, sərt ifadələr və səfirliyimiz qarşısında keçirilən aksiyalar narahatlıq doğurur.
Tənqid hər bir cəmiyyətin haqqıdır. Dövlətlərin qərarları müzakirə oluna, siyasətçilərin mövqeləri sorğulana bilər. Ancaq tənqidlə qarayaxma, fikir ayrılığı ilə düşmənçilik arasında ciddi fərq var. Bir dövlətin qəbul etdiyi qərarla razılaşmamaq başqa məsələdir, həmin qərarı bəhanə edərək bütöv bir xalqa qarşı mənfi münasibət formalaşdırmaq tamam başqa.
Azərbaycanın qərarlarını yalnız emosiyalarla qiymətləndirmək doğru deyil. Hər bir dövlət kimi Azərbaycanın da öz milli maraqlarını, təhlükəsizlik məsələlərini və ictimai məsuliyyətini nəzərə almaq hüququ var. Qərarın mahiyyətini anlamaq üçün onun hansı şəraitdə qəbul edildiyinə, hansı məqsədə xidmət etdiyinə və hansı nəticələr doğura biləcəyinə baxmaq lazımdır. Siyasi mövqeyi əvvəlcədən müəyyənləşdirib sonra ona uyğun ittihamlar sıralamaq isə obyektiv müzakirə deyil.
Türkiyə cəmiyyətində son illər milli kimlik, dini dəyərlər, dünyəvilik və miqrasiya kimi mövzular ətrafında geniş müzakirələr aparılır. Bu müzakirələrin bir hissəsi cəmiyyətin sürətlə dəyişən sosial mənzərəsi, ənənələrlə müasirlik arasındakı münasibət və gələcək inkişaf istiqamətləri ilə bağlı narahatlıqlardan qaynaqlanır. İnsanların öz milli-mədəni kimliyini qorumaq, dini inanclarla dünyəvi həyat prinsipləri arasında tarazlıq tapmaq istəyi təbii ictimai müzakirə mövzusudur.
Əsas məsələ bu sualların hansı dildə və hansı niyyətlə müzakirə edilməsidir. Fərqli baxışları qarşı-qarşıya qoymaq, müəyyən sosial qrupları hədəfə çevirmək əvəzinə, cəmiyyətdəki dəyişiklikləri təmkinlə təhlil etmək daha sağlam yanaşmadır. Türkiyənin öz daxilində apardığı bu müzakirələrə Azərbaycandan həmişə hörmətlə yanaşırıq. Lakin həmin mübahisələrin Azərbaycana qarşı qarayaxma kampaniyalarına, ittihamlara çevrilməsi qəbuledilməzdir. "Bir millət, iki dövlət" vurğusu da bu incə sərhədi müəyyən edir. Bizi ortaq tarix, ortaq dəyərlər birləşdirir, amma bütün hallarda söhbət iki ayrı dövlətdən gedir. Türkiyənin daxili ictimai proseslərinə görə Azərbaycanı məsul tutmaq da ədalətli yanaşma deyil.
Ən narahatedici məqamlardan biri sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin mövqeyinin bütöv cəmiyyətin münasibəti kimi təqdim edilməsidir. Bir neçə paylaşım, sərt açıqlama və ya aksiya Türkiyədəki bütün insanların Azərbaycana münasibətini ifadə etmir. Xüsusən də sosial mediadakı bu çıxışların və ya paylaşımların idarə olunan troll kampaniyaları olduğu aşıq-aşkar görünürsə... Belə hay-həşir, vay-şüvən kampaniyalar fonunda sakit, ölçülü və düşünülmüş mövqelər isə sanki eşidilməz qalsa da, sayları kifayət qədər çoxdur. Türkiyənin bütün sağlam təbəqələri Azərbaycana dəstək ifadə etməkdədir.
Azərbaycan və Türkiyə münasibətləri hər hansı bir siyasi mübahisədən daha böyükdür. Bu yaxınlıq toxunulmaz olduğu üçün deyil, onu qorumağa dəyər olduğu üçün önəmlidir. Sağlam münasibətlər kor-koranə razılıq üzərində deyil, qarşılıqlı hörmət, müstəqil qərarlara anlayış və fikir ayrılıqlarını sivil şəkildə müzakirə etmək bacarığı üzərində qurulur.
Bu gün hər iki cəmiyyətə lazım olan yeni ittihamlar deyil, daha çox soyuqqanlılıqdır. Bir-birimizin qərarlarını bəyənməyə bilərik. Amma bir-birimizi dinləməkdən, arqumentləri təhlil etməkdən və münasibətlərimizi sosial şəbəkələrin ani qəzəbinə qurban verməkdən imtina etməməliyik. Xalqlar arasında etimadın yaranması illər tələb edir, amma onu dağıtmaq üçün bəzən bir neçə düşünülməmiş söz də kifayət edir.
Siyasət şöbəsi