
"Prezident İlham Əliyevə yüksək səviyyədə təşkil olunan tədbirə, səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm".
Qaynarinfo xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
Prezidenti Emoməli Rəhmon qeyd edib ki, hazırkı Zirvə toplantısı beynəlxalq vəziyyətin mürəkkəbləşdiyi, silahlı münaqişələrin və təhlükəsizlik təhdidlərinin beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərdiyi bir dövrdə keçirilir.
“Belə bir şəraitdə Laos Xalq Demokratik Respublikasının AQEM-ə tamhüquqlu üzv dövlət kimi qoşulmasını səmimi-qəlbdən alqışlayır, ölkə rəhbərliyini bu münasibətlə təbrik edirəm.
Düşünürəm ki, yalnız qarşılıqlı ehtiram, hörmət, anlaşma və beynəlxalq hüququn prinsiplərinə riayət əsasında bir araya gələrək ortaq məqsədlərimizə nail ola bilərik”, - deyə Prezident bildirib.
O vurğulayıb ki, Asiyada sülhün və sabitliyin qorunması, eləcə də gələcək nəsillərə təhlükəsiz və sosial-iqtisadi baxımdan sabit dünyanın ötürülməsi istiqamətində ciddi addımlar atılır.