Xəbər lenti

Elman Nəsirov: "Məktəb ideoloji təhdidlərə qarşı cəmiyyətin immunitetidir"
Ölkə13:43 15.10.2026

Elman Nəsirov: "Məktəb ideoloji təhdidlərə qarşı cəmiyyətin immunitetidir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

(Yazı “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə hazırlanıb)

“Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsində dinin dövlətdən ayrı olduğu aydın şəkildə təsbit edilib. Dövlət təhsil müəssisələri dünyəvi xarakter daşıyır. Bu o deməkdir ki, dünyəvilik Konstitusiyamızın əsas prinsiplərindən biridir. Deməli, təhsil sistemi də bu prinsipə uyğun şəkildə tənzimlənməlidir”.

Bunu Milli Məclisin deputatı Elman Nəsirov Qaynarinfo-ya açıqlamasında deyib.

Deputat bildirib ki, məktəblərdə vahid geyim qaydalarının tətbiqi ilə bağlı qanunvericilik sahəsində də müvafiq addımlar atılıb:

“Bu ilin iyun ayında “Təhsil haqqında” Qanuna müvafiq dəyişikliklər edilib. Eyni zamanda, Nazirlər Kabinetinin bununla bağlı qərarı var. Bu addımlar ilk növbədə təhsil prosesində bərabərlik prinsipinin qorunmasına xidmət edir. Vahid geyim qaydalarının tətbiqində məqsəd cəmiyyətdə bərabərlik prinsipini möhkəmləndirmək, təhsil prosesində ayrı-seçkiliyin qarşısını almaqdır. Bir şagirdin maddi imkanı geniş olduğu üçün daha bahalı, digərinin imkanları məhdud olduğu üçün daha sadə geyimdə olması onların arasında fərq və ayrı-seçkilik yaratmamalıdır. Məhz bu cür halların qarşısını almaq üçün dünyəvilik və bərabərlik prinsiplərindən çıxış edilərək vahid geyim qaydaları tətbiq olunur”.

Elman Nəsirovun fikrincə, qanunvericiliyin tələblərinə hər kəs əməl etməlidir:

“Qanuna tabe olmaq lazımdır. Heç kim qanundan üstün deyil. Təəssüf ki, görünür, xaricdəki bəzi siyasi dairələr Azərbaycanda dünyəvilik prinsipini qəbul edə bilmirlər. Məqsəd bu məsələləri siyasiləşdirmək, din pərdəsi altında ölkəmizin daxili işlərinə müdaxilə etməkdir. Daha geniş mənada isə məqsəd Azərbaycanda səfərbər olmuş cəmiyyəti parçalamaq, vətəndaş həmrəyliyini pozmaq və ölkəmizi öz şərtlərinə tabe etdirməkdir”.

Deputat hesab edir ki, bu məqsədlərə çatmaq istəyən qüvvələr ilk növbədə məktəbi hədəf seçirlər:

“Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) qurultayında ideoloji istiqamətdə təhdidlərin mövcudluğunu və onların sərhəd tanımadığını qeyd edib. Xüsusilə indiki dövrdə - internetin, kiberhücumların və süni intellektin geniş yayıldığı bir şəraitdə bu cür təsirləri həyata keçirmək daha asanlaşıb. Bütün bunlara qarşı bizim immunitetimiz var. O da məktəbdir”.

Elman Nəsirov vurğulayıb ki, məktəbin əsas vəzifəsi elmli, bilikli, savadlı və vətənpərvər gənclər yetişdirməkdir:

“Məktəbdə yetişən gənclər vətənpərvər olmalıdırlar. Bu, onların düşüncələrinin kənar təsirlər altında formalaşdırılmasının, başqa sözlə, beyinlərinin yuyulmasının qarşısını alan əsas amillərdən biridir. Məhz buna görə də məktəbin hədəf seçilməsi təsadüfi deyil. Azərbaycan ümummilli dəyərlərə hörmətlə yanaşır, ümumbəşəri dəyərləri müdafiə edir. Məktəbdə vahid geyim qaydaları şagirdlərə və təhsil prosesinin iştirakçılarına münasibətdə müəyyən edilmiş çərçivədə tətbiq olunur. Məktəbdən kənarda isə insanlar öz seçimlərinə uyğun geyinə, o cümlədən baş örtüyündən istifadə edə bilərlər. Buna heç kim məhdudiyyət qoymur”.

Deputatın sözlərinə görə, məsələni başqa istiqamətə yönəltməyə və ona fərqli siyasi məna verməyə ehtiyac yoxdur:

“Azərbaycan güclü dövlətdir. Heç kim qəbul edilmiş qanunların tələblərindən kənarda qala bilməz”.

Bahar Rüstəmli

Material Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.