Siyasət 19:17 30.01.2023

Bakı-Budapeşt danışıqları: İki ölkənin yaxınlaşması  nə vəd edir? - Politoloq

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstanda rəsmi səfərə gedib. Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşü olub. Daha sonra iki ölkə prezidentləri arasında təkbətək müzakirələr aparıb.
 
Qaynarinfo-ya açıqlamasında Azərbaycan Prezidentinin Macarıstana səfərini dəyərləndirən politoloq Turan Rzayev bildirib ki, Macarıstan Avropada Azərbaycanın ən etibarlı tərəfdaşıdır.

"Azərbaycan Prezidentinin Macarıstana səfəri mühüm bir tarixə təsadüf edir. Bu səfərlər öncədən təyin edilsə də, İrandakı səfirliyimizdə baş verən hadisə və Misir Prezidentinin ölkəmizə səfəri fonunda Azərbaycan Prezidentinin Budapeştə səfəri də kifayət qədər diqqət çəkir. Macarıstan NATO və AB daxilində özünəməxsus çəkisi olan bir ölkədir. Bundan əlavə, Azərbaycanın Avropa enerji bazarına çıxışında Budapeşt Bakının ən etibarlı tərəfdaşıdır. İlham Əliyev son zamanlar Balkan ölkələri, Albaniya, Serbiya, Bolqarıstan və Rumıniyaya səfərlər edib. İndi də Macarıstana səfər edib. Bu da həmin səfərlərin silsilə xarakterli odluğunu göstərir. Deməli, Bakı Balkan ölkələrilə sıx əlaqə qurmaqda maraqlıdır”, deyə Turan Rzayev bildirib.

Politoloq qeyd edib ki, Macarıstana səfərdə enerji sahəsidə əməkdaşlıq məsələsi müzakirə edilib:"Bakı TAP VƏ TANAP-la Avropaya neft və qaz nəql edir. Bakı bu layihələrin  genişləndirilməsində maraqlıdır. Bunun üçün isə investisiya lazımdır. TAP layihəsinin digər qollarının inkişafı üçün Macarıstan kimi ölkələrin dəstəyi və əməkdaşlığı vacibdir. Macarıstana səfərdə Avropaya yaşıl enerjinin nəqli məsələsi də müzakirə predmeti ola bilər”.

Həmsöhbətimizə görə, belə səfərlər Azərbaycana qarşı formalaşdırılan təzyiqlərin, qəbul edilməsi istənilən qətnamələrin qarşısını almaq məqsədi daşıyır:"Macarıstan bir çox təşkilatlarda Azərbaycanla birgə iştirak edir. Azərbaycanın olmadığı təşkilatlarda dəfələrlə Bakının marağını qoruyub. Bu ölkə AB-də ölkəmizə qarşı yönəlik bir sıra qətnamələrin qəbuluna veto qoyub. Macarıstana səfər sıradan bir hadisə deyil. Budapeştdə aparılan danışıqlar yaxın perspektivdə Bakıya ciddi uğurlar qazandıracaq”. 

Rüfət Sultan