Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.
Qaynarinfo xəbər verir ki, tədbirin ikinci günündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.
Günün proqramı çərçivəsində Xəzər dənizində iqlim dəyişmələrinin yaratdığı çağırışlar, su səviyyəsində dəyişikliklərin sahilyanı ekosistemlərə, icmalara, şəhərlərə, infrastruktura, nəqliyyata və iqtisadi fəaliyyətə təsiri müzakirə olunur.
Bundan əlavə, çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinə süni intellektin inteqrasiyasının üstünlükləri və çətinlikləri nəzərdən keçirilir. Bu çərçivədə süni intellekt əsaslı hava proqnozu modellərinin tətbiqi, kibertəhlükəsizlik, məlumat təminatı, texnologiyanın etibarlılığı və beynəlxalq əməkdaşlıq məsələləri diqqət mərkəzindədir.
İkinci günün proqramında iqlimədavamlı kənd təsərrüfatının formalaşdırılmasında rəqəmsal transformasiya və süni intellektin imkanlarına da xüsusi yer ayrılıb. Azərbaycanda kənd təsərrüfatında süni intellekt və məlumat əsaslı həllərin tətbiqi, fermerlərə dəstək mexanizmləri, su və ərzaq sistemlərinin iqlim dəyişmələrinə uyğunlaşdırılması məsələləri müzakirə edilir.
Günün digər sessiyalarında yaşıl rəqəmsal fəaliyyət, rəqəmsal infrastrukturun iqlim dayanıqlığı və enerji səmərəliliyi, eləcə də şəhər inkişafının qlobal iqlim gündəliyinə inteqrasiyası məsələləri müzakirə olunacaq.
Həmçinin Bakı şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının nəticələrinin COP31-ə qədər iqlim fəaliyyətinə necə inteqrasiya edilə biləcəyi, dayanıqlı və iqlimədavamlı şəhərlərin inkişafı, dayanıqlı infrastruktur, yaşıl tikinti, iqlim maliyyələşdirilməsi və şəhərlərin iqlim risklərinə hazırlığı ilə bağlı məsələlər gündəmdə olacaq.
Şərhlər