Bakıda sığınacaqda məskunlaşan 15 yaşlı qız övladlığa götürülüb.
Bu barədə Qaynarinfo-ya "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova 2025-ci ilin övladlığa götürmə statistikasına aydınlıq gətirərkən məlumat verib.
Onun sözlərinə görə, yeniyetmə qızı sinif yoldaşının valideynləri ailəsinə qəbul edib:
"Müraciət proseduruna uyğun olaraq həyata keçirildi. Qeyd edim ki, yalnız övladı olmayanlar deyil, uşağı olanlar da övladlığa uşaq götürə bilər. Hətta qanunvericiliyin tələblərinə cavab verən subay şəxslər üçün də bu imkan yaradılıb”.
Mehriban Zeynalova vurğulayıb ki, övladlığa götürülmə proseduru sadələşdirilməsə də, kifayət qədər şəffafdır:
"Sənədləşmə prosesində ailənin vəziyyəti, iqtisadi imkanları, namizədin psixoloji durumu və uşaqla münasibət qurma bacarığı ciddi şəkildə yoxlanılır. Övladlığa uşaq götürən şəxslərə uzunmüddətli təlimlər keçirilir. Əvvəllər bu prosesə çox sayda qurum rəy verməli idi, hazırda isə məsələ ilə Sosial Xidmətlər Agentliyi məşğul olur və "bir pəncərə" sistemi tətbiq edilir”.
Hüquq müdafiəçisi bu sahədə tendensiyanın dəyişdiyini də qeyd edib:
"Əvvəllər daha çox yeni doğulmuş oğlan uşaqlarına üstünlük verilirdi, lakin indi yaş fərqinə o qədər də fikir vermirlər. Digər mühüm dəyişiklik uşağın məlumatlandırılması ilə bağlıdır. Əvvəllər valideynlər bu faktı uşaqdan gizlədirdilər, indi isə tələblərdən biri uşağın travma almaması üçün vəziyyətə uyğun məlumatlandırılmasıdır. Məxfilik ətraf şəxslər üçün qorunsa da, ailə daxilində uşağın həqiqəti bilməsi və qəbul etməsi önəmli şərtlərdən biridir”.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin məlumatına görə, 2025-ci ildə cəmi 818 uşaq övladlığa verilib. Onlardan 13-ü subay şəxslər tərəfindən övladlığa götürülüb.
Bahar Rüstəmli
Şərhlər