İran mütəxəssisləri ölkə ərazisində "Starlink” terminallarının siqnalını kütləvi şəkildə bloklamağın yolunu tapıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Iran Wire” nəşri məlumat
yayıb.
Qeyd olunur ki, ölkə boyu davam edən kütləvi etirazlar fonunda həm beynəlxalq, həm də daxili şəbəkələr tamamilə söndürülüb, hətta "Starlink” kimi peyk internet xidmətləri də qəfil kəsilib.
"İranda on minlərlə "Starlink” cihazının işlədiyinə dair məlumatlara baxmayaraq, siqnalın kəsilməsi peyk rabitəsinə də təsir edib", — deyə nəşr yazır.
İnternet tədqiqatçısı Əmir Rəşidi "IranWire”a bildirib ki, ümummilli etirazların başlanması ilə "Starlink” peyklərinə yönəldilmiş hərbi səviyyəli kəsici siqnallar (caming) aşkar edilib. Onun sözlərinə görə, "Starlink”in həm ötürülən, həm də qəbul edilən (uplink/downlink) trafikinin təxminən 30%-i kəsilib, sonradan bu göstərici 80%-dən çoxuna qədər yüksəlib.
Rəşidi qeyd edib ki, "camer" (qluşilka) kimi tanınan hərbi avadanlıqların yaratdığı bu növ maneələrə 20 illik tədqiqat müddətində heç vaxt rast gəlinməyib. O əlavə edib ki, istifadə olunan texnologiya çox mürəkkəb və hərbi dərəcəlidir; əgər yerli imkanlarla hazırlanmayıbsa, böyük ehtimalla hökumətə Rusiya və ya Çin tərəfindən tədarük edilib.
Nəşr həmçinin əlavə edib ki, siqnal kəsicilər ölkə boyu geniş yayıldığı üçün "Starlink” xidmətinin səviyyəsi məkandan asılıdır: bəzi bölgələrdə rabitə nisbətən yaxşı, digərlərində isə qat-qat pisdir.
"Son qiymətləndirmələrə görə, İranda "Starlink” abunəçilərinin sayı təxminən 40,000–50,000 nəfərə çatıb. Hətta 2025-ci ilin yayında — İran-İsrail müharibəsi zamanı — İranda internetin on iki günlük kəsilməsi vaxtı belə, bəzi istifadəçilər bu peyk xidməti vasitəsilə senzurasız internetə daxil ola bilmişdilər", — deyə materialda qeyd olunur.
Xatırladaq ki, İranda etirazlar artıq iki həftədir davam edir, nümayişçilər Tehranın və ölkənin ikinci böyük şəhəri olan Məşhədin küçələrini doldurublar, ölənlərin sayı beş yüzü keçib. Eyni zamanda, ölkə hakimiyyəti ABŞ və İsraili vəziyyətə müdaxilə etməməyə çağırıb və cavab zərbəsi ilə hədələyib.
İnternet və telefon rabitəsinin kəsilməsi səbəbindən İrandakı nümayişlərin miqyasını xaricdən qiymətləndirmək kifayət qədər çətindir. Xaricdə ehtiyat edirlər ki, informasiya blokadası İran təhlükəsizlik xidmətlərindəki sərt xətt tərəfdarlarını qanlı repressiyalara sövq edəcək.
ABŞ Prezidenti Donald Tramp etirazçılara dəstəyini ifadə edərək, İranın "azadlığı" və "ABŞ-ın kömək etməyə hazır olduğunu" bəyan edib.
Alpər
Şərhlər