
Banklar kredit verərkən faizlə yanaşı komissiya haqqı da tutur. Bu ödənişlər kreditin real xərcini artırır. Məsələn, müştəri krediti nağdlaşdırarkən müəyyən məbləğdə komissiya ödəyir, eyni zamanda kredit üzrə faiz də hesablanır.
Bəs komissiya haqqı əslində nədir? Onun tətbiqi hansı hallarda əsaslı hesab olunur və müştərilər əlavə ödənişlərdən necə qoruna bilərlər?
Qaynarinfo-nun suallarını cavablandıran iqtisadçı İsmayıl Məmmədov bildirib ki, komissiya haqqını yalnız əlavə gəlir əldə etmək vasitəsi kimi qiymətləndirmək düzgün deyil.
Onun sözlərinə görə, faizlə komissiya fərqli funksiyaları yerinə yetirir:
“Müştərilərin narazılığını anlamaq olar, lakin bankın mövqeyindən məsələyə baxanda komissiya haqqı “əlavə gəlir hiyləsi” deyil, konkret xidmətin, riskin və kapitalın qiymətidir. Faizlə komissiya eyni funksiyanı daşımır. Onları qarışdırmaq maliyyə xərcini düzgün qiymətləndirməməyə gətirib çıxarır.
Faiz dərəcəsi pulun zaman dəyərini, cəlb edilmiş vəsaitin dəyərini, inflyasiyanı, kredit riskini və kapitalın dəyərini kompensasiya edir. Komissiya isə kreditin verilməsi və xidmət göstərilməsi ilə bağlı konkret əməliyyat xərclərini əhatə edir:
· sənədləşmə, hüquqi yoxlama, skorinq;
· girovun qiymətləndirilməsi, notariat, dövlət qeydiyyatı;
· AML/KYC prosedurları, müştərinin identifikasiyası;
· hesabın açılması, aparılması, ödəniş infrastrukturu;
· nağdlaşdırma, inkassasiya, saxlama və təhlükəsizlik xərcləri;
· sığorta, çağrı mərkəzi, onlayn bankçılıq, kibertəhlükəsizlik.
Əgər bütün bu xərclər yalnız faizə yüklənsə, o zaman krediti vaxtından əvvəl ödəyən müştəri bankın ilkin xərclərini kompensasiya etməmiş olar. Komissiya məhz bu xərci xidmətdən istifadə edən müştəriyə yönəldir. Bu, iqtisadi cəhətdən daha ədalətli qiymətləndirmədir”.

İsmayıl Məmmədov qeyd edib ki, bankların üzərinə düşən tənzimləyici tələblər və kredit riskləri də komissiya siyasətinə təsir göstərir:
“Bank tənzimlənən institutdur. Basel III, AMB-nin kapital adekvatlığı tələbləri, IFRS 9 üzrə gözlənilən kredit itkiləri üçün ehtiyatlar bankı riskə görə əlavə xərc çəkməyə məcbur edir.
Təminatsız istehlak kreditlərində ehtimal olunan defolt (PD) və defolt zamanı itki (LGD) yüksəkdir. Bank bu riski qiymətləndirmək, izləmək və ehtiyat saxlamaq üçün resurs sərf edir.
Komissiya bu riskin bir hissəsini kreditin başlanğıcında kompensasiya edir. Xüsusilə qısa müddətli və ya vaxtından əvvəl bağlanan kreditlərdə faiz gəliri bankın çəkdiyi ilkin xərci tam ödəməyə bilər. Ona görə də komissiya bankın dayanıqlığını qoruyur və nəticədə bankın kredit vermə qabiliyyətini saxlayır".
Ekspert əlavə edib ki, Azərbaycan bank sektorunda komissiya gəlirlərinin artımı var, lakin bu, yalnız kredit komissiyaları hesabına deyil:
"Hesabların aparılması üzrə komissiya gəlirləri, kart əməliyyatları, köçürmələr, ekvayrinq, onlayn xidmətlər bu artımda mühüm paya malikdir.
Bu rəqəmlər bankların yalnız kredit komissiyası ilə deyil, geniş maliyyə xidmətləri ilə gəlir əldə etdiyini göstərir.
Əgər komissiya sıfırlansa, bank ya faizi artırmalı, ya riskli seqmentləri maliyyələşdirməkdən imtina etməli, ya da kapitalını qorumaq üçün kredit həcmini azaltmalı olacaq. Bu isə kreditə çıxışı azaldar və müştəriləri daha bahalı qeyri-bank maliyyə institutlarına — BOKT-lara, lombardlara yönəldər.
Komissiya haqqı “gizli vergi” deyil, xidmətin, riskin və kapitalın qiymətidir. Banklar komissiyanı mütləq şəkildə artırmağa can atmır; onlar riskə uyğun, tənzimlənən və şəffaf qiymətləndirmə aparır. Əgər komissiyalar tamamilə qadağan edilsə və ya süni şəkildə sıfıra endirilsə, nəticə daha bahalı kredit, daha az kredit və daha çox qeyri-bank maliyyələşməsi olar.
Bankın mövqeyi belədir: balanslı tənzimləmə, şəffaflıq və rəqabət olmalıdır; komissiyanın qanuni, əsaslı və idarəolunan olması isə kredit sisteminin dayanıqlığı üçün zəruridir”.
Günay İlqarqızı